Türkiyəli rep ifaçısı Cəza konsert zamanı həmkarı Şamın posterini açan tamaşaçıya sərt sözlərlə müraciət edib. Reperin izləyiciyə və Şama ünvanladığı ifadələr sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin "Onedio" nəşri məlumat yayıb.
Əsl adı Bilgin Özçalkan olan Cəza Türkiyə repinin tanınmış nümayəndələrindən biridir. O, "Med Cezir", "Rapstar" və "Yerli Plaka" albomları, eləcə də "Holocaust", "Neyim Var Ki" və "Suspus" mahnıları ilə geniş dinləyici auditoriyası qazanıb.
Cəza ilə Şam arasında gərginlik isə yeni deyil. Şamil Oymak kimi tanınan Şam daha əvvəl "Ebo Show" proqramında Cəzanın rep anlayışını tənqid edərək onun bu janrdan baş çıxarmadığını iddia edib. Qarşıdurma sonradan mahnılara da yansıyıb. Şamın 2022-ci ildə yayımladığı "Killer Rap" trekindəki eyhamlardan sonra Cəzanın 2023-cü ildə təqdim etdiyi "Analog" mahnısı ona cavab kimi qiymətləndirilib. Tərəflər arasında qarşılıqlı diss parçaları ilə davam edən söz atışması dinləyicilərin də diqqətini çəkib.
Son hadisə zamanı Cəza səhnədə olarkən Şamın posterini qaldıran tamaşaçını görüb və mikrofondan ona sərt şəkildə səslənib. Reper izləyiciyə "Nə qədər gerizəkalısan?" deyib, daha sonra Şamı hədəf alaraq onun haqqında təhqiramiz ifadələr işlədib. Cəzanın tamaşaçıya "Nə qədər zavallısan, oğlum" deməsi də yayılan görüntülərdə əks olunub.
Konsertdən paylaşılan kadrlar iki reper arasındakı əvvəlki mübahisəni yenidən gündəmə gətirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, Cəzanın etiraz etdiyi Şamın pankartı da sonradan üzə çıxıb.


Jalə


