Azərbaycan neftinin qiymətinin bir barel üçün 116 dollara enməsi ölkənin neft gəlirlərinə, dövlət büdcəsinin formalaşmasına və iqtisadi sabitliyə mümkün təsirləri gündəmə gətirib. 2026-cı ilin dövlət büdcəsində neftin orta qiyməti 65 dollar götürüldüyündən, qiymət dəyişikliklərinin gəlirlərə və manatın məzənnəsinə necə təsir edəcəyi maraq doğurur.
Bəs bu ölkə iqtisadiyyatına, dövlət büdcəsinin gəlirlərinə və manatın məzənnəsinə necə təsir edə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Elçin Məmmədov bildirib ki, Azərbaycan neftinin qiymətində baş verən qısamüddətli dalğalanmalar dövlət büdcəsinin gəlirlərinə və manatın məzənnəsinə ciddi təsir göstərməsə də, neftin orta və uzunmüddətli dövrdə hansı qiymətə satılması ölkə iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, neftin orta qiymətinin dövlət büdcəsində nəzərdə tutulan göstəricidən yüksək olması büdcə gəlirlərinin artmasına və ölkənin valyuta ehtiyatlarının möhkəmlənməsinə müsbət təsir göstərə bilər:
"Bu ilin əvvəlindən etibarən neftin orta qiymətinin büdcədə proqnozlaşdırılan göstəricidən 30 faizdən çox yüksək olması dövlət gəlirlərinin artması baxımından əlverişli şərait yaradıb. Eyni zamanda, enerji resurslarından əldə olunan gəlirlərin artması ölkənin valyuta ehtiyatlarının genişlənməsinə də töhfə verə bilər. Valyuta ehtiyatlarının yüksək səviyyədə olması isə manatın məzənnəsinin sabitliyinin qorunmasında mühüm amillərdən biri hesab olunur. Bununla belə, neft qiymətlərinin gələcəkdə azalması və uzun müddət aşağı səviyyədə qalması büdcə gəlirlərinə, valyuta daxilolmalarına və iqtisadi göstəricilərə təsir göstərə bilər. Bu baxımdan, neftin qiymətindəki dəyişikliklərin ölkə iqtisadiyyatına real təsirini qiymətləndirmək üçün qısamüddətli dalğalanmalardan daha çox uzunmüddətli qiymət dinamikasını nəzərə almaq vacibdir".


