Süni intellekt texnologiyalarının sürətli inkişafı əmək bazarında ciddi dəyişikliklərə səbəb olur. Proqnozlara görə, dünya üzrə iş yerlərinin təxminən 40 faizi süni intellektin inkişafından təsirlənə bilər. Bu texnologiyalar bir sıra sahələrdə iş proseslərini avtomatlaşdırmaqla yanaşı, bəzi peşələrə olan tələbatın azalmasına, yeni ixtisasların yaranmasına və işçilərdən tələb olunan bacarıqların dəyişməsinə gətirib çıxara bilər.
Süni intellekt mütəxəssisi Abdulla Abdullayev Demokrat.az-a açıqlamasında bildirib ki, süni intellekt əmək bazarını dəyişir, amma bu prosesi yalnız iş yerlərinin azalması kimi qiymətləndirmək düzgün deyil.

Onun sözlərinə görə, bəzi peşələrdə müəyyən işlər avtomatlaşdırılacaq, eyni zamanda yeni ixtisaslar yaranacaq, mövcud peşələrdə isə tələb olunan bacarıqlar dəyişəcək:
"Ən çox təsirlənən sahələr təkrarlanan, standart qaydalarla yerinə yetirilən işlər olacaq. Məsələn, məlumatların emalı, sadə hesabatların hazırlanması və ilkin müştəri dəstəyi kimi işlərdə süni intellektdən istifadə artacaq. Bu, həmin peşələrin tamamilə yox olacağı demək deyil, sadəcə işin görülmə qaydası dəyişəcək".
Mütəxəssisin fikrincə, gələcəkdə əsas üstünlük süni intellektdən düzgün istifadə etməyi bacaran insanlarda olacaq:
"Buna görə də işçilər yeni texnologiyalara uyğunlaşmalı, rəqəmsal bacarıqlarını inkişaf etdirməli, analitik düşünmə və problem həll etmə qabiliyyətlərini gücləndirməlidirlər. Burada əsas məsələ süni intellektlə rəqabət aparmaq deyil, ondan istifadə edərək daha səmərəli işləməyi bacarmaqdır".


