İdman

Ronaldo özünü futbol tarixinin ən yaxşısı hesab edir

Ronaldo özünü futbol tarixinin ən yaxşısı hesab edir

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldo futbol tarixinin ən yaxşı oyunçusu olduğunu düşündüyünü açıqlayıb.

"Demokrat.az" xəbər verir ki, ulduz futbolçu bu barədə "CNN Portugal"a müsahibəsində danışıb.

Ronaldo Pele, Lionel Messi və Dieqo Maradonanın azarkeşlər tərəfindən daha üstün tutula biləcəyini anlayışla qarşıladığını bildirib. Bununla belə, o, özünü futbol baxımından daha komplekt oyunçu hesab etdiyini vurğulayıb.

"Onların hər hansı birini daha çox bəyənə bilərsiniz. Buna hörmətlə yanaşıram. Amma mən ən komplekt oyunçuyam. Fikrimcə, futbol tarixinin ən yaxşısı mənəm. Özümdən daha yaxşı oyunçu görməmişəm", – deyə Ronaldo qeyd edib.

O, argentinalı ulduz Lionel Messi ilə illər ərzində davam edən rəqabətə də toxunub. Ronaldonun sözlərinə görə, bu mübarizə meydandan kənarda qarşılıqlı hörmət çərçivəsində davam edib.

Futbolçu onların rəqabətini Formula 1-in əfsanəvi pilotları Ayrton Senna və Alen Prost arasındakı mübarizəyə bənzədib. O bildirib ki, hər ikisi bir-birini daha yüksək nəticələr göstərməyə və öz sərhədlərini aşmağa həvəsləndirib.