Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,2% çoxdur.
Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, orta aylıq əməkhaqqının 1 173 manata çatması və illik artımın 7,2% təşkil etməsi müsbət göstəricidir:

"Ancaq bu rəqəmə yalnız statistik məlumat kimi deyil, insanların gündəlik həyatına təsiri baxımından yanaşmaq lazımdır. Orta əməkhaqqı bütün işçilərin eyni məbləğdə maaş aldığını göstərmir. Yüksək əməkhaqqı olan sahələrlə aşağı maaşlı sahələr arasında ciddi fərqlər mövcuddur. Buna görə də orta göstərici bir çox vətəndaşın faktiki qazancını tam əks etdirmir. Digər tərəfdən, ailənin real rifahını müəyyən edən əsas amillərdən biri gəlirin gündəlik xərcləri nə dərəcədə qarşılaya bilməsidir. Ərzaq, mənzil kirayəsi, kommunal xidmətlər, dərman və nəqliyyat xərcləri ailə büdcəsində mühüm yer tutur. Xüsusilə aşağı maaşla çalışan, kirayədə yaşayan və himayəsində uşaqları olan ailələr üçün bu xərclər daha böyük yük yaradır. Maaşların 7,2% artması sevindiricidir, amma vətəndaşın hiss etdiyi rifah artımı yalnız maaşın nominal yüksəlişi ilə ölçülmür".
Deputat əlavə edib ki, əməkhaqqı siyasətində əsas hədəf insanların real alıcılıq qabiliyyətinin yüksəldilməsi olmalıdır:
"Bunun üçün aşağı maaşlı işçilərin gəlirlərinin artırılması, əməkhaqqı fərqlərinin azaldılması, məhsuldarlığın yüksəldilməsi və inflyasiyanın ailə büdcəsinə təsirinin zəiflədilməsi vacibdir. Eyni zamanda, orta əməkhaqqı ilə yanaşı, işçilərin faktiki qazanc səviyyəsini daha dəqiq göstərən statistik məlumatlara da diqqət yetirilməlidir. Çünki orta göstərici yüksək maaşların təsiri ilə arta bilər, halbuki işçilərin əhəmiyyətli bir hissəsi bundan xeyli az qazana bilər. Əsas məsələ statistik rəqəmlərin artması deyil, bu artımın insanların gündəlik həyatında və ailələrinin rifahında hiss olunmasıdır".


