Regionlarda sahibkarlıq fəaliyyəti, iş imkanları və gəlir əldə etmək imkanları paytaxtla müqayisədə daha məhdud olaraq qalır. Bu isə əhalinin Bakıya üz tutmasına, bölgələrdən paytaxta daxili miqrasiyanın artmasına və iqtisadi fəallığın əsasən paytaxtda cəmləşməsinə səbəb olur.
Bəs regionlarda iqtisadi inkişafı ləngidən əsas amillər hansılardır? Bölgələrdə yeni iş yerlərinin yaradılması, sahibkarlığın inkişafı və əhalinin gəlir imkanlarının artırılması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Günay Hüseynova bildirib ki, regionlarda iş imkanları kifayət qədər olsa belə orta və ya yaşlı nəsil qayıtmaq fikrində olacaq.

Onun sözlərinə görə, insanlar üçün önəmli olan hərşeyin əl çatan olması, xüsusi ilə də infrastruktur ilə əlaqəlidir:
"Bütün kəndlərdə aptek və ya tibb məntəqəsi yoxdur. Gecə saatlarında isə rayon mərkəzlərində belə aptek tapmaq, yaxud 24/7 fəaliyyət göstərən aptekə müraciət etmək mümkün olmur. İkinci məsələ təhsillə bağlıdır. Məsələn, kəndlərdə məktəblər var, lakin əksəriyyətində yalnız ibtidai təhsil verilir. Orta və tam orta təhsil almaq üçün şagirdlər digər kəndlərdəki məktəblərə getməli olurlar. Yağışlı və soyuq havalarda isə yollarla bağlı problemlər də yaranır. Paytaxt Bakıda, demək olar ki, bu kimi problemlər yoxdur. Sadəcə, əsas problemlərdən biri tıxacdır.
Bir məsələyə də toxunmaq istərdim. Son illərdə rayon və kəndlərdə yaşayıb Bakıda daşınmaz əmlak və ticarət obyektləri alan, onları icarəyə verən şəxslərin sayı da kifayət qədərdir. Bundan əlavə, regionlara qayıdaraq öz işini quran şəxslərin sayı da artmaqdadır.
Ən yaxşı halda, 8 saatlıq iş rejimi ilə çalışan, səhər 2 saat, axşam isə daha 2 saat tıxacda qalan insanlar üçün bu, artıq yorucu olur. Belə bir şəraitdə iqtisadi fayda əldə etmək də çətinləşir. Bir insanın günün 12 saatını işdə və yolda keçirməsi, qazandığı məbləğin 50 faizindən çoxunu kirayə haqqına, ipotekaya və ya kreditə ödəməsi onun həyat şəraiti ilə yanaşı, öhdəliklərini və maliyyə durumunu da çətinləşdirir.
İqtisadiyyatın bütün sahələri bir-biri ilə zəncirvari bağlıdır. Buna görə də düşünürəm ki, bölgələrdə iqtisadi fəallığı artırmazdan əvvəl infrastrukturu inkişaf etdirməli, zəruri xidmətlərin hər kəs üçün əlçatan olmasını təmin etməliyik. Ən böyük iqtisadi fəallıq kənd təsərrüfatının modernləşdirilməsi və müasir standartlara uyğunlaşdırılması ilə yarana bilər. Düşünürəm ki, yaxın zamanda bununla bağlı işlər həyata keçirilər".


