Özəl

Sülh danışıqları gedir, Ermənistan silahlanır — Pərdəarxasında nə var?

Sülh danışıqları gedir, Ermənistan silahlanır — Pərdəarxasında nə var?

Ermənistanın müdafiə sahəsində əməkdaşlıqları və hərbi satınalmaları regionun təhlükəsizlik gündəliyində müzakirə olunur.

Ermənistanın hərbi potensialını artırması Azərbaycan üçün hansı təhlükəsizlik risklərini yarada bilər? Bu proses sülh danışıqlarının gedişinə və tərəflər arasında etimadın formalaşmasına necə təsir edə bilər?

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Demokrat.az-a açıqlamasında bildirib ki, Ermənistan ordu quruculuğu məsələsinə üç konkret istiqamət üzrə yanaşır: hərbi islahatlar, müdafiə sahəsində tərəfdaşlıqların şaxələndirilməsi və sərhəd təhlükəsizliyinin gücləndirilməsi.

Sülh danışıqları gedir, Ermənistan silahlanır — Pərdəarxasında nə var?

Onun sözlərinə görə, 2020-ci il müharibəsi və 2023-cü ildə baş tutan lokal xarakterli antiterror əməliyyatları zamanı Ermənistanın ağır məğlubiyyətlə üzləşməsi onun hərbi planlaşdırmasına təsir edib:

"Bu baxımdan ordunun strukturu, döyüş hazırlığı və silahlanma ehtiyacları yenidən nəzərdən keçirilir. Buraya hava hücumundan müdafiə, pilotsuz uçuş aparatlarına qarşı mübarizə, habelə müasir kəşfiyyat vasitələri daxildir. Buna görə də müharibənin nəticəsi olaraq ordunun modernləşdirilməsi zərurəti yaranıb. Ermənistan həmçinin Rusiyadan hərbi asılılığın azaldılmasına çalışır. Buna görə də Avropa dövlətləri ilə hərbi-diplomatik əlaqələrini genişləndirməyə davam edir. Ermənistan və Litvanın 2027-ci il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı ilə bağlı razılığa gəlməsi də bundan xəbər verir. Rusiya uzun müddət Ermənistanın əsas silah təchizatçılarından biri olsa da, Ermənistan artıq bu sahədə şaxələndirmə istiqamətində addımlar atır. Hindistan və Fransadan alınan silahlar bunun praktiki təzahürüdür. Alternativ mənbələrin axtarılması hərbi sahəyə də təsir göstərir. Müdafiə əməkdaşlığının genişləndirilməsi özü ilə yanaşı, logistika, texniki xidmət və hərbi hazırlıq istiqamətlərində də əlavə əlaqələndirmə tədbirlərini tələb edir. Milli hərbi sənayenin yaradılması və inkişafı da Ermənistanın qarşısına qoyduğu məqsədlərdən biridir. Bu, uzunmüddətli perspektivdə xarici təchizatdan asılılığın azaldılmasına yönəlib.

Orduda müasir texnologiyaların tətbiqi bu sahənin inkişafını daha da zəruri edir. Beynəlxalq hərbi əlaqələr dedikdə, Litva, Hindistan, Fransa və digər tərəfdaşlarla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Azərbaycan üçün bu məsələnin təsirinə və əhəmiyyətinə gəldikdə isə, ilk növbədə, bir neçə istiqaməti qeyd etmək olar. Birincisi, Ermənistan hərbi balans yaratmağa çalışır. Buna görə də Azərbaycandan əhəmiyyətli dərəcədə geri qalan Ermənistan ilkin çatışmazlıqları aradan qaldırmağa çalışır. İkincisi, sülh prosesi ilə hərbi modernləşmənin paralel getməsi üzrə yanaşma ortaya qoyulur. Bunu reallıqdan doğan zərurət kimi dəyərləndirmək daha düzgün olardı. Çünki müdafiə qabiliyyətinin gücləndirilməsi avtomatik olaraq yeni müharibəyə hazırlaşmaq anlamına gəlmir. Azərbaycan da gələn ilin büdcəsində müdafiə və təhlükəsizlik sahəsinə kifayət qədər ciddi vəsait ayırmağı nəzərdə tutur. Bu, bir növ, hələ sabitləşməmiş regionda, daha önəmlisi isə tam oturuşmamış nizam şəraitində dövlətlərdən tələb olunan addımlardır. Lakin silahlanmanın miqyası, əldə edilən sistemlərin xüsusiyyətləri və onların yerləşdiyi məkan regional təhlükəsizlik baxımından son dərəcə önəmlidir.

Buna görə də dövlətlər çəkindirmə və ya təhlükəsizliyə zəmanət məqsədilə addımlar atarkən konkret coğrafi mövqeyi və həmin addımların hansı təyinat əsasında həyata keçiriləcəyini düzgün qiymətləndirməlidirlər. Beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğunluq, hansı hərbi funksiyaların yerinə yetiriləcəyi və hansı potensial gərginliyə təsir göstərilə biləcəyi ciddi şəkildə araşdırılmalıdır. Həmçinin hesab edirəm ki, yeni tərəfdaşlıqlar heç bir halda bölgədə xarici dövlətlərin hərbi iştirakını şərtləndirməməli və ya buna yol açmamalıdır. Ermənistanın hərbi modernləşməsi sülh danışıqlarının və praktiki əməkdaşlıq təşəbbüslərinin reallaşdığı bir dövrdə baş verir. Bu baxımdan düşünürəm ki, müdafiə qabiliyyətinin artırılması heç bir halda bölgənin kövrək təhlükəsizlik mühitinin daha da pisləşməsinə yol açmamalıdır. Ya da bölgə kövrək təhlükəsizlik mühiti üzrə inkişafda deyil, sağlam əsaslı mühit üzrə inkişafda olmalıdır. Azərbaycan hər bir halda regional təhlükəsizlik balansına necə təsir göstərildiyini diqqətlə izləyir və prosesləri nəzarətdə saxlayır".