Avtomobil oğurluğu sürücülər üçün həm maddi, həm də hüquqi baxımdan ciddi risklərdən biridir. Bu hallarda KASKO sığortası avtomobil sahibinin maliyyə itkisinin müəyyən hissəsinin qarşılanmasına imkan verə bilər. Lakin sığorta ödənişinin verilməsi hadisənin necə baş verməsindən, müqavilənin şərtlərindən və sürücünün üzərinə düşən öhdəlikləri yerinə yetirib-yetirməməsindən asılıdır.
Avtomobil oğurlanarsa, KASKO hansı hallarda ödəniş edir və hansı vəziyyətlərdə sığorta şirkəti ödənişdən imtina edə bilər?
Demokrat.az-a açıqlamasında sığorta eksperti Vüsal Bədəlov deyib ki, KASKO sığorta avtomobilin oğurlanması və ya qaçırılması halında da dəymiş zərərlərə görə təminat verir:

"Birinci növbədə onu bildirim ki, avtomobilin tam KASKO sığortası avtomobilə dəymiş tam zərəri ödəyir. Yəni avtomobilin gövdə sığortası olduğu üçün avtomobilin dəyəri qədər təminat verilir. Əgər elə hallar ola bilərsə ki, könüllü sığorta növü olduğu üçün hər bir sığorta şirkətinin KASKO sığorta müqaviləsində fərqli istisna maddələri olsun. Birinci növbədə vətəndaşlar, sığortalılar bunlara nəzər yetirməlidirlər ki, həmin istisna hallar olmasın. Məsələn, oğurluqla bağlı əlavə, belə deyək, azadolma məbləği tətbiq edə bilərlər və yaxud da hansısa əlavə şərt ola bilər. Əsas olan odur ki, KASKO sığortası etsək də, hər bir halda birinci növbədə avtomobilimizə dəyən zərərin qarşısını almaq və dəymiş zərərin miqdarını azaltmaq üçün əlimizdən gələn hərəkət və hərəkətsizliyi biz özümüz təmin etməliyik. Yəni avtomobilin həm icbarisi, həm də KASKO-su var deyə, məsələn, nəqliyyat vasitəsini hər hansı bir yerdə, dayanacaqda saxladıqda və yaxud park etdikdə, yaxud da kimisə gözləyib 1-2 dəqiqəlik avtomobildən düşdükdə avtomobili işlək vəziyyətdə, açarı üzərində olaraq qoymaq qəti qadağandır. Əgər bu hal sığorta şirkəti tərəfindən sübut olunarsa ki, oğurluğa sürücünün hərəkətləri zəmin yaradıb, bu halda sığorta ödənişindən imtina edilə bilər".
Ekspert bildirib ki, digər halların hamısında oğurluğa görə dəymiş zərər tam ödənilir:
"Əgər oğurluqdan sonra nəqliyyat vasitəsi tapılıbsa və müəyyən zədə dəyibsə, həmin zədələrin miqdarı hesablanır və dəymiş zərər məbləği ödənilir. Yox, avtomobil tapılmırsa və yaxud da tapıldıqda tam yararsız haldadırsa, sığorta məbləği, yəni avtomobilin dəyəri sığortalıya, vətəndaşa tam ödənilir. KASKO sığortasının ümumiyyətlə əsas hallarından biri də içkili vəziyyətdə nəqliyyat vasitəsini idarə etdikdə, hadisə yerindən yayındıqda, qadağan olunmuş preparatların qəbulundan sonra nəqliyyat vasitəsi idarə edildikdə, sürücülük hüququ olmadıqda, idarəetmə hüququ olmadığı hallarda ödənişdən imtina verilməsi ilə bağlıdır. Yəni digər hadisələrdə olduğu kimi, oğurluqla bağlı da sübut olunarsa ki, sürücü, sığortalı özü oğurluğa zəmin yaradıb, sığorta şirkəti bu halda KASKO sığorta ödənişindən imtina edə bilər".


