Husi hücumlarının fonunda artan regional gərginliyi nəzərə alaraq Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına qoşun göndərəcək.
Demokrat.az xəbər verir ki, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanına qarşı davam edən husi hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi heyət göndərmək qərarına gəliblər.
Qeyd edək ki, bu qərar üç ölkə arasında bağlanmış qarşılıqlı müdafiə sazişi çərçivəsində qəbul edilib.
Husilərin Səudiyyə Ərəbistanı ərazisinə bir sıra hücumlarından sonra bölgədəki vəziyyət gərginləşib. Dünən və bu gün Ər-Riyadda partlayışlar baş verib. Husilər paytaxt Ər-Riyadın beynəlxalq hava limanına, "Aramco" şirkətinin neft obyektlərinə və digər hədəflərə hücumlara görə məsuliyyəti öz üzərinə götürüblər.
Eyni zamanda, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi hərbi koalisiya Qırmızı dəniz sahilindəki Hudeyda yaxınlığındakı husi mövqelərinə zərbələr endirib. Koalisiya sözçüsü Turki əl-Malikinin sözlərinə görə, dəniz qüvvələri silah anbarlarını məhv edib və Qırmızı dənizin cənubundakı gəmiçilik zolaqlarına planlaşdırılan hücumun qarşısını alıb.
Həftələrlə davam edən hücumlar fonunda Ankara və İslamabad Səudiyyə Ərəbistanına hərbi dəstək verməyə hazır olduqlarını bəyan ediblər. Üç ölkənin birgə bəyanatında qarşılıqlı müdafiə sazişinin icrası ilə bağlı məqamlar əksini tapıb. Razılaşdırılmış hərbi qüvvə və vasitələrin Krallığa sürətlə yerləşdirilməsi nəzərdə tutulur.
Xatırladırıq ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında hərbi-siyasi saziş avqustun əvvəlində, İranla müharibə fonunda Məkkə şəhərində imzalanıb.
Müqavilənin şərtlərinə əsasən, ölkələrdən hər hansı birinə edilən hücum bütün tərəflər üçün təhdid kimi qiymətləndirilir və onlar qarşılıqlı yardım göstərməyi öhdələrinə götürüblər.
Bu arada, husilər Yəmənin əhəmiyyətli bir hissəsinə, o cümlədən paytaxt Sənaya nəzarəti saxlamaqdadırlar. Sentyabr ayında husi silahlıları ölkənin qərb sahilləri boyunca yeni əraziləri öz nəzarətlərinə götürdülər. Oktyabrın 4-də isə Səudiyyə Ərəbistanının dəstəklədiyi və beynəlxalq səviyyədə tanınan Yəmən hökuməti husilərə qarşı hücum əməliyyatına başladığını elan edərək, həmin ərazilər üzərində dövlət nəzarətini bərpa etməkdə qərarlı olduğunu bəyan etdi.
Alparslan


