Son illərdə Cristiano Ronaldonun Al-Nassrdakı çıxışı komandanın nəticələri ilə yanaşı, onun fərdi performansı baxımından da diqqət çəkir. 41 yaşlı hücumçu 2026/27 mövsümündə də komandanın əsas oyunçularından biri olaraq qalır və mövsümün əvvəlində vurduğu qollarla məhsuldarlığını qoruduğunu göstərib.
Bəs Ronaldonun komandadakı rolu qarşıdakı oyunlarda necə dəyişə bilər? Təcrübəli futbolçu hələ də "Al-Nassr"ın nəticələrinə ciddi təsir göstərə biləcək səviyyədədirmi?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında Xətai Peşəkar Futbol Klubunun baş məşqçisi Samir Qasımov bildirib ki, düşünürəm ki, burada Ronaldonun milli komandadakı son vəziyyətinə də ayrıca toxunmaq lazımdır.

Onun sözlərinə görə, yaşanan hadisə müəyyən mənada Ronaldoya qarşı hörmətsizlik kimi qəbul oluna bilər:
"Söhbət sıradan bir futbolçudan getmir. Cristiano Ronaldo Portuqaliya millisinin tarixində inanılmaz nəticələrin əldə olunmasında böyük rol oynamış və dünya futbolunda əfsanə statusu qazanmış bir oyunçudur. Əgər futbolçunu milli komandaya çağırırsansa və oyun zamanı onu meydana çıxmağa hazırlamaq üçün isinməyə göndərirsənsə, amma sonradan meydana buraxmırsansa, burada kommunikasiya və idarəetmə baxımından müəyyən suallar yaranır. Təbii ki, baş məşqçinin taktiki qərar vermək hüququ var və heç bir futbolçu meydana çıxacağına zəmanət ala bilməz. Amma belə böyük karyeraya və milli komandaya verdiyi töhfələrə sahib futbolçu ilə münasibətdə müəyyən həssaslıq və düzgün kommunikasiya olmalıdır. 41 yaşında olsa da, Ronaldonun əsas üstünlüyü artıq təkcə fiziki gücü və sürəti deyil. Onun mövqe seçimi, cərimə meydançasında düzgün qərar verməsi, qol instinkti və böyük oyun təcrübəsi hələ də ciddi üstünlükləridir. 2026/27 mövsümündə də onun qolçuluq keyfiyyətlərinin qorunduğunu görürük. Səudiyyə Pro Liqasının ilk 6 oyununda 3 qol vurması da bunu göstərən göstəricilərdən biridir. Ronaldo artıq əvvəlki yaşlarında deyil və onun oyunundakı bəzi komponentlər dəyişib. Lakin qol duyğusu, təcrübəsi, cərimə meydançasında mövqe seçimi və böyük oyunlarda məsuliyyət götürmək bacarığı hələ də yüksək səviyyədədir.
Portuqaliya üçün əsas məsələ Ronaldodan maksimum faydanı onun hazırkı imkanlarına uyğun düzgün rolda almaqdır. Məncə, əsas məsələ Ronaldonun nə qədər oynaması deyil, hansı dəqiqələrdə və hansı rolda istifadə olunmasıdır. Onu hər oyunda 90 dəqiqə maksimum fiziki yüklə oynatmaq əvəzinə, hücumun əsas finiş nöqtəsi kimi düzgün şəkildə istifadə etmək daha səmərəli ola bilər. Ona görə də həm "Al-Nassr", həm də milli komandada Ronaldonu yalnız yaşına görə qiymətləndirmək düzgün yanaşma deyil. Bəli, əvvəlki Ronaldo deyil və bunu qəbul etmək lazımdır. Amma onun artıq komandaya ciddi təsir edə bilmədiyini söyləmək də doğru olmaz. O, hələ də bir epizodla oyunun taleyini dəyişə biləcək, rəqib müdafiəsinə ciddi təzyiq yaradan və nəticəyə birbaşa təsir göstərmək potensialına malik futbolçudur. Əsas məsələ onun rolunu əvvəlki illərlə müqayisədə daha düzgün və ağıllı şəkildə müəyyənləşdirməkdir".


