Britaniyalı teleaparıcı Alison Hammond "ITV" kanalında yayımlanan "This Morning" verilişinin canlı yayımı zamanı panik atak keçirib.
Demokrat.az xəbər verir ki, Hammond çəkiliş meydançasında olarkən ürəyinin sürətlə döyündüyünü hiss edib və buna görə studiyanı tərk etmək məcburiyyətində qalıb. Daha sonra onun xəstəxanaya yerləşdirildiyi bildirilib.
Teleaparıcı xəstəxanada ürək və ağciyərləri ilə bağlı müayinələrdən keçib. Aparıcı daha sonra bildirib ki, müayinələrin nəticələri normal olub.
Hammond yaşadığı vəziyyətin panik atak olduğunu açıqlayıb. O, bunun həyatında ilk dəfə baş verdiyini və məsələ ilə bağlı daha çox məlumat əldə etməli olduğunu deyib.
Qeyd edək ki, bundan əvvəl britaniyalı məşhur komediyaçı Peter Key "BBC"də hava proqnozunun təqdimatı zamanı gözlənilməz hadisəyə səbəb olub. Onun studiyada yaratdığı xaos səbəbindən aparıcılar verilişi davam etdirməkdə çətinlik çəkiblər.


