Sosial

Pensiya artımı ilə bağlı deputatdan mühüm açıqlama

Pensiya artımı ilə bağlı deputatdan mühüm açıqlama

Əhalinin sosial rifahının əsas göstəricilərindən biri də pensiya təminatıdır. Qarşıdakı illərdə pensiya sisteminin dayanıqlılığı, vətəndaşların layiqli pensiya alması və gələcək pensiya təminatının daha etibarlı olması məsələsi aktuallığını qoruyur.

Gələcək nəsillərin layiqli pensiya alması üçün pensiya sistemində indidən hansı addımlar atılmalıdır?

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, pensiya sistemində islahatların dərinləşdirilməsi hazırda bütövlükdə sosial sahədə əsas prioritet istiqamətlərdən biridir:

"Bu kontekstdə pensiya islahatlarının dərinləşdirilməsi istiqamətində prosesin davam etdiyini müşahidə edirik. Hazırda Milli Məclisdə müzakirə olunan qanun layihəsinin əsas hədəfi aşağı məbləğdə pensiya alan vətəndaşların pensiya ödənişlərinin daha çox artırılmasına nail olmaqdır. Məqsəd aşağı və yüksək pensiya məbləğləri arasındakı fərqi azaltmaq və median pensiya məbləğini artırmaqdır. Bu baxımdan, xüsusilə aşağı məbləğdə pensiya alan vətəndaşların ödənişlərinin daha yüksək faizlə artırılması əsas istiqamətlərdən biridir".

Deputatın sözlərinə görə, təkliflərdən biri də indeksləşdirmə zamanı nisbətən aşağı pensiya alan vətəndaşların pensiya məbləğlərinin 1,5 əmsalı ilə hesablanması və bununla da həmin vətəndaşların pensiyalarının daha yüksək faizlə artırılmasıdır:

"Məsələn, pensiyalar 8 faiz indeksləşdirilirsə, yəni orta aylıq əməkhaqqında artım 8 faiz təşkil edirsə və aşağı məbləğdə pensiyalar da 8 faiz indeksləşdirilirsə, təklifimiz həmin göstəricinin 1,5 əmsalına vurulmasıdır. Bu halda 8 faiz əvəzinə, nisbətən aşağı pensiya məbləğləri 12 faiz indeksləşdirilə bilər. Nəticədə aşağı məbləğdə pensiya alan vətəndaşların ödənişlərində daha yüksək artım təmin olunar. Bu baxımdan, orta aylıq əməkhaqqı məbləğinə qədər pensiya alan vətəndaşların pensiya ödənişlərinin daha çox artırılması əsas hədəflərdəndir. Pensiya islahatlarının növbəti dövrdə bu istiqamətdə daha da dərinləşdiriləcəyi gözlənilir".

FH
Fidan Hacızadə
Müxbir