Özəl

170 manata görə aralarında dava düşdü, bıçaqlanan var — Qeyrətimə söydü

170 manata görə aralarında dava düşdü, bıçaqlanan var — Qeyrətimə söydü

Bakının Suraxanı rayonunda 30 yaşlı kişi tanışına ağır xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, H. Əliyev prospektində yerləşən "Ağ çiçəyim" gül mağazasının yaxınlığında baş verib.

Füzuli rayon sakini, 1996-cı il təvəllüdlü Ərəstun həmin ərazidə əvvəllər tikinti sahəsində birlikdə işlədiyi tanışı Zəfərin (adlar şərtidir – red.) ona olan 170 manat məbləğində pul borcunu dəfələrlə tələb etməsinə baxmayaraq, sonuncu həmin vəsaiti verməkdən imtina edib və onlar arasında mübahisə yaranıb. Baş vermiş mübahisə zamanı Ərəstun bıçaqla qəsdən üç dəfə zərbə vuraraq Zəfərə iki xəsarət yetirib.

Ərəstunun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Ərəstun ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, əvvəllər şəhərin müxtəlif yerlərində tikinti işində Zəfərlə, daha sonra isə onun qardaşı ilə birlikdə işləyib:

"Zəfər qardaşının iş götürdüyünü bildirərək birlikdə işləməyi təklif etdi. Mən də razılaşdım. Birinci dəfə Sumqayıtda, daha sonra isə Şamaxıda Zəfərin yanında fəhlə kimi işlədim. Həmin vaxt Zəfər briqadir olub. Mən şəhərə gəlməli olduğuma görə Zəfərdən pul istədim. O isə pulun birigün olacağını qeyd edərək mənə 10 manat yol pulu verdi. Mən günü 50 manata Zəfərin yanında 6 gün işlədim. O, əvvəlcə 120 manat, sonra isə 10 manat yol pulu verdi. Bundan sonra isə Zəfərdə 170 manat pulum qaldı. Mən dediyi vaxtda Zəfəri yığaraq qaldığım evdə pula ehtiyacım olduğunu bildirərək pulumu istədim. O isə narahat olmamağı, pulu verəcəyini bildirdi".

Təqsirləndirilən şəxs deyib ki, iki gün keçəndən sonra yenidən Zəfərə zəng edib:

"Bu zaman o, "Mənim sənə pul verəcəyim yoxdur, Samir adlı şəxs var, pulun ondadır, get ondan al", – deyə bildirdi. Bundan sonra Zəfərin qardaşı ilə danışaraq günün altında əziyyət çəkərək işlədiyimi, pulumu istədiyimi bildirdim. O da Zəfərlə danışacağını, pulu alaraq mənə verəcəyini qeyd etdi. İki gündən sonra Zəfərin qardaşına zəng etdim, qonum-qonşudan pul aldığımı, saç-saqqalımı təmizlətməyə pulumun olmadığını, heç olmasa 50 manat pul verməsini bildirdim. O isə "gedin özünüz həll edin" deyə bildirdi. Mən yenidən Zəfərə zəng edərək pulumu istədim. O əsəbiləşərək telefonu söndürdü. Bu hal bir neçə dəfə təkrarlandı. Dördüncü dəfə danışanda Zəfər mənə qarşı qeyrət söyüşü söydü, telefonu bağladı. Mən isə 5-10 dəqiqə sonra təkrar zəng edərək pulumu istədim və niyə məni söydüyünü soruşaraq görüşmək istədiyimi bildirdim".

Təqsirləndirilən şəxs deyib ki, daha sonra yanacaq doldurma məntəqəsində Zəfərin şəxsi maşınına minib:

"Bu zaman qardaşı da maşında olub və yolda aramızda mübahisə yarandı. Mən özümü müdafiə məqsədi ilə yanımda meyvə bıçağı götürmüşdüm. Əslində isə məqsədim Zəfəri vurmaq olmayıb. Onun məni döyməsindən ehtiyat etdim. Zəfər məndən maşından düşməyimi istədi. Mən düşəndən sonra o da maşından düşdü və məni vuraraq yerə yıxdı. Bundan sonra qarın hissəmdə, köynəyimin altına qoyduğum bıçaqla yıxılı vəziyyətdə onu vurdum. Bıçağın onun qoluna dəydiyini zənn etdim. Bir dəfə də bıçağı atdım və bıçaq onun böyrünə dəydi. Həmin vaxt qorxaraq geri çəkildim. Bu zaman Zəfər yenidən üstümə gəldi. Mən isə əlimdə bıçaq olduğunu qışqırdım. Zəfər üstümə gələndə yarıayağa durdum və bu vəziyyətdə ayağına da bir bıçaq vurdum. Məqsədim Zəfərin məni vurmasını dayandırmaq olub. Lakin mən səhv etdim və hazırda peşmanam".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ərəstun 5 il müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş Zəfər təqsirləndirilən Ərəstuna qarşı mülki iddia qaldırıb. İddiaya görə, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərə görə 6000 manat, mənəvi zərərə görə 3000 manat, ödənilmiş dövlət rüsumuna görə 110 manat olmaqla, cəmi 9110 manat pulun alınaraq ona ödənilməsini istəyib.

Məhkəmə mülki iddianı qismən təmin edib. Hökmə əsasən, mənəvi ziyanın vurulmasına görə 2000 manat, ödənilmiş dövlət rüsumuna görə 110 manat olmaqla, ümumilikdə 2110 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxsdən tutularaq zərərçəkmiş şəxsə ödənilsin.

Məhkum edilmiş şəxs hökmdən apellyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini istəyib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin olunmayıb.

Fariz Məlikli

R
Redaktor