Şou-biznes

23 yaşında faciəvi şəkildə ölən Kerim Tekinlə bağlı illər sonra ortaya çıxan etiraf

23 yaşında faciəvi şəkildə ölən Kerim Tekinlə bağlı illər sonra ortaya çıxan etiraf

1990-cı illərin məşhur türk müğənnilərindən olan Kerim Tekinin qısa həyatına dair illər sonra diqqətçəkən bir detal üzə çıxıb.

Demokrat.az xəbər verir ki, Kerim Tekin musiqi karyerasına 1995-ci ildə "Kara Gözlüm" albomu ilə başlayıb. 1997-ci ildə yayımlanan "Haykırsam Dünyaya" albomu isə onun tanınmasında mühüm rol oynayıb. Albomda yer alan "Kar Beyaz" mahnısı həmin dövrdə böyük populyarlıq qazanıb. Gənc sənətçi daha sonra "Yaz Aşkım" filmində baş rolda da çəkilib.

Lakin Tekinin uğurlu karyerası faciəvi şəkildə yarımçıq qalıb. O, 26 iyun 1998-ci ildə Afyonkarahisar-Sandıklı yolunda baş verən ağır yol qəzasında 23 yaşında həyatını itirib.

Məlumata görə, Tekin həmin gün Sandıklı Termal'98 Festivalında səhnəyə çıxıb. Ertəsi gün yaxın dostunun nişan mərasiminə qatılmaq üçün meneceri Halis Bütünley ilə yola düşüb. Yolun 20-ci kilometrində süd tankeri ilə kömür daşıyan yük maşınının toqquşması nəticəsində yük maşını Tekinin avtomobilinin üzərinə aşıb. Müğənni hadisə yerində dünyasını dəyişib, meneceri isə ağır yaralanıb.

Xəbəri eşidən yaxın dostu, müğənni Zerrin Özerin böyük şok yaşadığı və sinir krizi keçirdiyi bildirilib.

Tekinin ölümündən illər sonra musiqiçi dostu Tayfun Duyğulu isə onunla bağlı ürəkdağlayan bir etiraf edib. Duyğulunun sözlərinə görə, Kerim Tekin sağlığında tez-tez yol qəzasında öləcəyini deyirmiş.

İddialara görə, Tekin hətta "Kar Beyaz" mahnısının gələcəkdə çox məşhur olacağını da söyləyib. Müğənninin ölümündən sonra anasının Tayfun Duyğuluya "Oğluma niyə belə bir mahnı yazdın?" deyərək yaşadığı ağrını ifadə etdiyi də bildirilib.

23 yaşında faciəvi şəkildə ölən Kerim Tekinlə bağlı illər sonra ortaya çıxan etiraf

Jalə