Bir neçə il əvvəl İstanbula gedəndə diqqətimi çəkən məqamlardan biri dönərin qiyməti idi. Sultanahmet məscidinin ətrafında çörəkdə dönər 19-25 manata satılırdı. O vaxt bu qiymət mənə fantastik görünürdü. Hətta sosial media hesablarında zarafatyana paylaşım da görmüşdüm: bu ölkədə dönəri varlılar yeyir.
Aradan bir neçə il keçdi. İstanbulda təəccüblə qarşıladığım qiymətlər bu gün Bakıda da adi hala çevrilməkdədir. Fərq ondadır ki, o vaxt başqa ölkədəki qiymətə təəccüblənirdim, indi isə öz şəhərimizdə dönər almaq üçün cibimdəki pulu hesablayıram.
Artıq Bakıda yarpaq ət dönərinin ən ucuzu 8 manatdan başlayır. Farş üsulu ilə hazırlanan dönərləri 3 manata tapmaq mümkündür. Amma söhbət təmiz mal ətindən, nazik-nazik kəsilmiş, şişə yarpaq şəklində düzülmüş ətdən gedirsə, məsələ dəyişir. Belə dönərlər getdikcə lüks məhsula çevrilir.
Bir vaxtlar dönər tələbənin, fəhlənin, gün ərzində işi başından aşan adamın ən əlçatan yeməklərindən biri idi. Cibində çox pulun olmasa da, ac qalmaq təhlükəsi ilə üzləşmirdin. Bir dönər alıb yoluna davam edirdin. Nə menyuya uzun-uzadı baxmağa, nə də sifariş verməzdən əvvəl büdcəni hesablamağa ehtiyac vardı.
İndi isə dönər almaq da kiçik maliyyə qərarına çevrilib. Əvvəl qiymətinə baxırsan, sonra ətin növünü soruşursan, ardınca da öz-özünə hesablayırsan: görəsən, bu qiymətə dəyərmi?
Dönər bahalaşmayıb, sanki onunla birlikdə gündəlik həyatımızın qiyməti də artıb.
Bir dönərdən nə qədər qazanmaq olar?
Əlbəttə, məsələni yalnız dönərçinin üzərinə atmaq asandır. Deyə bilərik ki, satıcı qiyməti qaldırıb, sahibkar daha çox qazanmaq istəyir, restoranlar əvvəlki kimi əlçatan deyil. Ancaq iqtisadi mənzərəni bir az dərindən araşdıranda görürük ki, qiymətin arxasında bütöv zəncir var.
Ətin alış qiyməti, icarə haqqı, işçilərin maaşı, elektrik enerjisi, qaz, digər ərzaq məhsulları, vergi və gündəlik təsərrüfat xərcləri... Bunların hər biri son qiymətə təsir edə bilər. Üstəlik, yarpaq dönər üçün istifadə olunan ətin keyfiyyəti və hazırlanma üsulu da maya dəyərini dəyişir.
Yəni 8 manatlıq dönərin hamısı satıcının cibinə getmir. Satıcı qiyməti artırmağa məcbur olduğunu deyir, alıcı isə həmin qiyməti ödəməyə gücünün çatmadığını bildirir. Hər ikisinin öz arqumenti var. Ancaq nəticədə bazardan geri çəkilən tərəf çox vaxt daha az qazanan adam olur.
Dönər sadəcə yemək deyil. O, şəhərin gündəlik həyatının bir hissəsidir. İşə tələsən insanın səhər yeməyini əvəz edir, tələbənin naharı olur, işdən gec çıxan adamın axşam süfrəsinə çevrilir. Bir sözlə, dönər şəhər həyatının sürətinə uyğunlaşmış, münasib qiyməti ilə seçilən qidalardan biri idi.
Məhz buna görə də onun bahalaşması təkcə iaşə sektorundakı qiymət dəyişiklikləri kimi qəbul edilməməlidir. Bu, insanların gündəlik xərclərinin necə dəyişdiyini göstərən kiçik, amma diqqətçəkən nümunədir.
Bir məhsul bahalaşanda insan alternativ axtarır. Əvvəl daha bahalı restorana getməkdən imtina edir, sonra sifarişlərini azaldır, daha sonra isə əvvəlki alış vərdişlərini dəyişir. Gəlir eyni sürətlə artmırsa, seçim imkanları da daralır.
Bir dönər nümunəsində bunu görmək çətin deyil. Tutaq ki, insan iş günlərinin hər birində 8 manatlıq dönər alır. Ay ərzində 22 iş günü hesabı ilə bu, 176 manat edir. Hələ içki, əlavə qida və digər gündəlik xərclər nəzərə alınmayıb. Eyni yeməyi iki nəfər alsa, məbləğ 352 manata çatır.
Bu, əlbəttə, hər kəsin gündəlik xərclərinin belə olduğu demək deyil. Sadəcə, bir vaxtlar xırda xərc sayılan alış-verişin ayın sonunda kifayət qədər ciddi məbləğə çevrilə bildiyini göstərir.
Qiymətin baha və ya ucuz olması yalnız onun üzərində yazılan rəqəmlə müəyyənləşmir. Eyni məbləğ bir insan üçün adi xərc, digəri üçün isə büdcəsinə ciddi təsir göstərən məsrəf ola bilər.
Gəlin, məsələyə başqa tərəfdən baxaq. Bir neçə min manat gəliri olan adam üçün 8 manatlıq dönər gündəlik xərclərin kiçik hissəsidir. Amma maaşının böyük hissəsini kirayəyə, kommunal xidmətlərə, ərzağa, nəqliyyata və ailəsinin digər ehtiyaclarına sərf edən şəxs üçün vəziyyət fərqlidir.
Belə adamın büdcəsində hər manatın yeri var. Ayın əvvəlində etdiyi hesabla ayın sonundakı reallıq üst-üstə düşməyəndə ilk növbədə vacib olmayan xərcləri ixtisar edir. Ancaq dönər kimi gündəlik qida məhsullarının bahalaşması göstərir ki, qənaət etmək üçün seçilən sahələr də tədricən daralır.
Dönər bahalı restoranların menyusunda yer alan xüsusi yemək deyil, geniş kütlənin gündəlik istehlak etdiyi məhsullardan biridir. Belə məhsulun getdikcə daha az əlçatan olması narahatlığı artırır.
Əlbəttə, heç kim dönərin mütləq ucuz satılmasını tələb edə bilməz. Sahibkarın da xərcləri, riski və qazanc hüququ var. Ət istehsalçısı, satıcı, restoran sahibi və işçi də öz əməyinin qarşılığını almalıdır. Bazar iqtisadiyyatında qiymətlərin formalaşması bir çox amildən asılıdır.
Qiymət gəlir imkanlarını üstələdikdə o, ya daha ucuz məhsula keçir, ya istehlakı azaldır, ya da həmin məhsuldan tamamilə imtina edir. Nəticədə bazarın özü də dəyişir.
Məsələ dönərin mütləq 3 manata satılması deyil. Əsas məsələ insanların gəlirlərinin gündəlik ehtiyacların qiyməti ilə nə dərəcədə ayaqlaşmasıdır. Əgər adi nahar belə büdcədə ayrıca hesab tələb edirsə, deməli, bu barədə danışmağa dəyər.
Əvvəllər dönər alanda əsas sualımız onun dadlı olub-olmaması idi. İndi isə bəzən ilk düşündüyümüz şey qiymətidir...
Aydın


