Dünya

Türkiyədə bələdiyyə sədri həbs olundu

Türkiyədə bələdiyyə sədri həbs olundu

Türkiyənin Mersin şəhərində üç bələdiyyəyə qarşı korrupsiya araşdırması çərçivəsində keçirilən əməliyyatda saxlanılan şəxslərin məhkəmə prosesi başlayıb.

Demorat.az xəbər verir ki, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Vahap Seçer, Yenişehir Bələdiyyəsinin sədri Abdullah Özyiğit və Mezitli Bələdiyyəsinin sədri Ahmet Serkan Tuncerin də daxil olduğu 59 şübhəli oktyabrın 1-də saxlanılıb və daha sonra məhkəməyə göndərilib.

İlkin məlumatlarda Seçerin də həbs edildiyi bildirilsə də, Türkiyənin TRT Haber-in 6 oktyabr tarixli son məlumatında onun barəsində həbs qərarı verildiyi təsdiqlənmir. Həmin məlumata əsasən, Abdullah Özyiğit və Ahmet Serkan Tuncerin də aralarında olduğu 10 şübhəli həbs olunub. Altı nəfər ev dustaqlığına göndərilib, bir nəfər isə məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Digər şəxslərlə bağlı hüquqi prosedurlar davam edir.

İstintaq Mersin Böyükşəhər, Mezitli və Yenişehir bələdiyyələrində aparılan satınalmalarla bağlıdır. Araşdırma çərçivəsində Böyükşəhər Bələdiyyəsinin 13 birbaşa satınalma və tender sənədində ümumi 41 milyon 419 min 452 lirə məbləğində qanunsuzluq müəyyən edildiyi açıqlanıb. Sənədlərdə Vahap Seçerin razılığının olduğu bildirilib.

İstintaq materiallarında ümumilikdə 336 milyon 86 min 968 lirəlik mal və xidmət satınalmaları ilə bağlı da iddiaların yer aldığı qeyd olunur. Lakin bunlar istintaq çərçivəsində irəli sürülən iddialardır və yekun məhkəmə qərarı ilə təsdiqlənməyib.

Saxlanılma əməliyyatından əvvəl də Mersin Böyükşəhər Bələdiyyəsinin işçiləri ilə bağlı ayrıca istintaq aparıldığı və həmin iş üzrə dörd nəfərin həbs edildiyi bildirilib.

Jalə