Gündəm

"Bütün redaktə işlərimi süni intellektlə edirəm" — ChatGPT-dən istifadə edən deputatlar

Bütün redaktə işlərimi süni intellektlə edirəm — ChatGPT-dən istifadə edən deputatlar

Süni intellektin sürətlə inkişafı bütün sahələrdə çalışan insanların işini müəyyən qədər asanlaşdırmaqla yanaşı, yeni imkanlar və fərqli düşüncə tərzi formalaşdırır. Günümüzdə artıq müxtəlif vəzifələrdə çalışan şəxslərin, xüsusilə də "ChatGPT" kimi süni intellekt alətlərinə maraq göstərdiyinin şahidi oluruq. Belə ki, hətta bununla bağlı ötən günlərdə Milli Məclisdə keçirilən iclasda süni intellekt və "ChatGPT" texnologiyasının imkanları müzakirə olunub. Deputat Mircəlal Qasımlı "ChatGPT" texnologiyasından özünün də fəal istifadə etdiyini bildirib: "ChatGPT əslində bizim işimizi xeyli yüngülləşdirən bir proqramdır".

Demokrat.az süni intellektin istifadəsi ilə bağlı bir sıra deputatların fikrini öyrənib.

Milli Məclisin deputatı Elman Nəsirov bununla bağlı bildirib ki, XXI əsr informasiya əsridir və Almaniya ekspertlərinin çox maraqlı bir fikri var:

Bütün redaktə işlərimi süni intellektlə edirəm — ChatGPT-dən istifadə edən deputatlar

"Deyirlər ki, informasiyaya, vacib informasiyaya malik olmaq hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı qeyri-vacib informasiyadan ayırmağı bacarmaq ikiqat hakimiyyətə malik olmaq deməkdir. Vacib informasiyanı yaymaq və ya yaymamaq, susmaq qabiliyyəti isə üçqat hakimiyyətə malik olmaq deməkdir. Yəni, bu gün kim informasiya ilə düzgün işləyirsə, o, üstün mövqedədir. Hətta müasir müharibələrdə də qələbə ilk növbədə informasiya cəbhəsində qazanılır. Bu bir həqiqətdir, artıq bir aksiomaya çevrilib. Ona görə də informasiya əsrində informasiyadan və informasiya sahəsindəki yeniliklərdən istifadə etmək lazımdır. Bu söhbət ilk növbədə müasir texnologiyalardan gedir. Bu nöqteyi-nəzərdən internetin yaratdığı üstünlüklər, bundan savayı, süni intellektin bu gün həyatımıza daxil olması və onun sürətli inkişafı vadar edir ki, bu məsələlərə biganə, laqeyd qalmayasan. Bu nöqteyi-nəzərdən "ChatGPT" də bu gün süni intellektin əsas elementlərindən biridir".

Deputat çox geniş istifadə etmədiyini, amma müəyyən mənada istifadə etdiyini söyləyib:

"Müəyyən informasiyalar toplamaq üçün istifadə edirəm. Amma həmin informasiyaların dəqiqliyini də növbəti dəfə araşdırıram ki, burada yanlış informasiya olmasın. Yəni, mənim üçün informativ bir rol oynayır. İnformasiyanı alıb onu emal etmək isə artıq mənim öz işimdir. Həmin informasiya ilə işləmək, daha doğrusu, ona can vermək, qan vermək artıq yaradıcı təxəyyül işidir və o işlə də mən özüm məşğulam. Amma hesab edirəm ki, "ChatGPT" həyatımıza sürətlə daxil olur və ona biganə qalmaq da olmaz. Onun yaratdığı imkanlardan istifadə etmək lazımdır. Amma ağılla istifadə etmək lazımdır, dərrakə ilə istifadə etmək lazımdır".

Deputat Fazil Mustafa məsələ ilə bağlı saytımıza bildirib ki, "ChatGPT"dən, təbii ki, istifadə edirik, müasir insan bundan kənarda qala bilməz:

Bütün redaktə işlərimi süni intellektlə edirəm — ChatGPT-dən istifadə edən deputatlar

"Amma çox intensiv şəkildə yox. Məsələn, məqalə yazanda, hansısa bir fikir paylaşanda istifadə etmirəm. Çünki bu, mənim fikir azadlığıma, müəyyən dərəcədə də müstəqil düşüncəmi ifadə etməyimə əngəl ola bilər. Amma müəyyən informasiya almaq üçün bundan istifadə olunur. Müasir dövrdə işi rahatlaşdırmaq baxımından bundan qaçınmaq da mümkün deyil. Hər halda, bu məsələ ilə bağlı cəmiyyətdə də müəyyən dərəcədə bir ənənə formalaşır. Bəzən bunun bayağılaşdırılması yolu seçilir, primitiv, lazım olmayan hallarda belə "ChatGPT"yə müraciət olunur. Halbuki insanlar bundan daha çox düşüncə istiqamətində, müəyyən şeyləri öyrənmək istiqamətində istifadə etsələr, daha çox faydalana bilərlər".

Millət vəkili Razi Nurullayev qeyd edib ki, süni intellekt alətlərindən və proqramlarından geniş istifadə edir:

Bütün redaktə işlərimi süni intellektlə edirəm — ChatGPT-dən istifadə edən deputatlar

"Bütün redaktə işlərimi onlara həvalə etmişəm. Müxtəlif süni intellekt alətlərini də daha dərindən öyrənməyə davam edirəm".

FH
Fidan Hacızadə
Müxbir