Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda diri heyvan ixracı 38,3 dəfə artaraq 12,7 milyon dollar təşkil edib. Eyni dövrdə diri heyvan idxalı 2,1 dəfə azalaraq 51,4 milyon dollara düşüb.
Bəs diri heyvan ixracındakı artıma hansı amillər təsir edib və bu dinamikanın davam etməsi mümkündür?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirib ki, diri heyvan idxalının azalması fonunda ət idxalında artım müşahidə olunur.

Onun sözlərinə görə, dünya bazarında diri heyvanlara, o cümlədən damazlıq heyvanlara tələbatın artması ixrac göstəricilərinə təsir edən amillərdən biri ola bilər:
"Bəzi ölkələr daha çox diri heyvan idxal etməyə çalışırlar. Burada cins və damazlıq heyvanlar da ola bilər. Azərbaycan da az sayda olsa da, damazlıq heyvanlar yetişdirir. Amma rəqəmlərə baxsaq, 12 milyon dollarlıq diri heyvan ixrac etmişik, 51 milyon dollarlıq isə idxal etmişik. Yəni idxalımız ixracımızdan daha çoxdur. Bu vəziyyətdə yem bazasının da əhəmiyyəti böyükdür. Yem bazasının inkişafı heyvandarlığın genişləndirilməsi və heyvanların sayının artırılması baxımından vacib amillərdən biridir. Bu baxımdan Azərbaycanın daha çox diri heyvan yetişdirərək ixrac etməsi üçün yem bazasının imkanları da nəzərə alınmalıdır.
Bəzən əvvəlki dövrdə ixrac göstəricisi çox aşağı olduqda, sonrakı artım statistikada dəfələrlə yüksəliş kimi görünə bilər. Buna görə də əsas məsələ artımın mütləq göstəricilərlə yanaşı, ümumi bazar dinamikası əsasında qiymətləndirilməsidir.Hazırda Azərbaycanda cins mal-qaraya, xüsusilə ətlik və südlük istiqamətdə yüksək məhsuldarlığa malik heyvanlara tələbat qalır. Heyvandarlığın inkişafı üçün yem bazasının genişləndirilməsi, məhsuldar cinslərin artırılması və təsərrüfatların imkanlarının yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır. Diri heyvan ixracındakı artımın davamlı olması da bu amillərdən asılı olacaq".
Ekspert əlavə edib ki, hətta biz diri heyvan ixrac etməsək belə, ətin qiyməti arta-arta gedəcək;
"Ona görə ki, istehsalla məşğul olanların xərcləri artır. Bu da, dediyim kimi, ot istehsalının, ondan sonra yem istehsalının az olması və yemin baha başa gəlməsi ilə bağlıdır.
Ümumiyyətlə, heyvandarlıqda ciddi problemlər var. Keçən il də avqust ayından başlayaraq ilin axırına kimi dabaq xəstəliyi yayıldı.
Yəni problem dərindir, köklüdür və bu sahədə ciddi islahatlara ehtiyac var. Əgər ciddi, köklü və dərin islahatlar aparılmasa, biz ətin qiymətinin hər il 1 manat, 2 manat, hətta 3-4 manat artdığını görəcəyik. Orta hesabla sümüklü mal ətini nəzərdə tuturam. 2030-cu ildə 30 manat olacaq, hətta 30 manatdan da çox ola bilər. Yəni bunun ölkədən çıxarılan 100, 200, 300-400 baş mal-qaraya aidiyyəti yoxdur".


