Bakıda 24 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib. Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Valeh həyat yoldaşı Nuranə (adlar şərtidir – red.) ilə mübahisə edib.
İstintaq sənədlərinə görə, ər-arvad arasında mübahisənin yaranmasına səbəb qadının telefona çox baxması və baxmaq səbəbini bildirməməsi olub.
Bu səbəbdən aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı 24 yaşlı kişi əl və təpik zərbələri ilə arvadının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Valehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Valeh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, həyat yoldaşı ilə barışıq əldə edib.
Zərərçəkmiş Nuranə də ifadəsində əri ilə barışdığını təsdiqləyib. O, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


