Bakının Suraxanı rayonunda 48 yaşlı kişi qızına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin yanvarın 20-də, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun Sovxozunda nömrəsiz evdə baş verib. 1978-ci il təvəllüdlü Kamal ailə münaqişəsi zəminində qızı Zəminəyə (adlar şərtidir – red.) xəsarət yetirib.
İstintaq sənədlərinə görə, Kamal evdən küsərək əmisi Rahibin yaşadığı ünvana getmiş qızı Zəminəni öz evinə qaytarmaq üçün onunla təklikdə söhbət edib, qızından geri qayıtmasını tələb edib.
Lakin Zəminə qayıtmayacağını bildirib və ona söz qaytardığı üçün əsəbləşən Kamal qəsdən əli və təpiklə qızının bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.
Kamalın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Kamal törətdiyi əməli etiraf edib və bildirib ki, Zəhra ilə 2001-ci ildə rəsmi nikahla ailə qurub: "Bu evlilikdən bir qız və iki oğlan olmaqla üç övladım olub. 2017-ci ildə arvadım uzun sürən xəstəlikdən vəfat etdi. Bundan sonra övladlarım balaca olduğu üçün yenidən Pəri adlı qadınla rəsmi nikahla ailə qurdum. Bu evlilikdən də bir övladım doğuldu. Qızım böyüdükdən sonra bizimlə yaşamaq istəmədi və nəticədə onunla aramızda münasibətlər pozuldu".
Təqsirləndirilən şəxs deyib ki, qızı Zəminəyə ayrı yaşamağın onun üçün çətin olacağını dəfələrlə bildirsə də, qızı onun sözünə baxmayıb:
"2025-ci ildə qızımın evdən getdiyini biləndə polisə itkin düşməsi ilə əlaqədar müraciət etdik. Polis araşdırması nəticəsində qızım tapılsa da, polisə verdiyi izahatında 22 yaşı olduğunu, bizimlə birgə yaşamaq istəmədiyini bildirdi. Bundan sonra onun qardaşımın Hövsan qəsəbəsindəki evinə getdiyini bildim".
Kamalın ifadəsinə görə, bu ilin yanvarın 20-də, gecə saat 02:00 radələrində qızı Zəminəni geri qaytarmaq üçün qardaşının evinə gedib:
"Qardaşım Rahibin evində olarkən qızıma evə geri qayıtmasını, bundan sonra hər şeyin yaxşı olacağını bildirmək üçün evin qonaq otağında təklikdə söhbət etdik. Lakin Zəminə geri qayıtmaq istəmədiyindən aramızda mübahisə yarandı. Qızım cavab qaytardığı üçün əsəbləşdim və onun saçından dartaraq yerə yıxdım. Yumruqla onun üzünə və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Bu zaman qardaşım gələrək məni kənara çəkdi. Bundan sonra qardaşımın evindən getdim. Daha sonra qızımın barəmdə şikayət etdiyini öyrəndim".
Təqsirləndirilən şəxs ifadəsində özünü ittiham üzrə təqsirli bilib və göstərib ki, qızını evə qaytarmaq üçün onunla söhbət edib və onun geri qayıtmasını tələb edib, qızı qayıtmayacağını bildirdikdə isə əsəbiləşərək əli ilə ona iki dəfə şillə vurub. O bildirib ki, zərərçəkmiş şəxslə barışıb, qızının ondan şikayəti və tələbi yoxdur. Təqsirləndirilən ata son söz olaraq, əməlindən peşman olduğunu bildirib.
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, 2004-cü ildə Bakı şəhərində anadan olub:
"2017-ci ildə anam vəfat etdi. Atam Pəri adlı qadınla ailə həyatı qurdu. Bir müddət əvvəl atamın evləndiyi Pərinin danışıq və hərəkətlərindən xoşum gəlmədi, onunla bir evdə yaşamaq istəmədiyim üçün evdən getdim. Atam itkin düşməyimlə bağlı polisə müraciət etdi. Mən polisə itkin düşmədiyimi, özümün könüllü olaraq evdən getməyimlə bağlı izahat verdim".
Zərərçəkmiş deyib ki, daha sonra əmisi Rahibə məxsus evə gedərək orada yaşamağa başlayıb:
"Yanvarın 20-də, gecə saat 02:00 radələrində atam əmimin evinə gələrək məni öz evinə aparmaq istədi və qonaq otağında mənimlə söhbət etməyə başladı. Həmin zaman otaqda yalnız ikimiz olmuşuq. Danışıq zamanı atama onlarla birlikdə yaşamaq istəmədiyimi bildirdim. Bu zaman atam saçımdan dartaraq məni yerə yıxdı, başıma və bədənimin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr endirdi. Mən qışqıranda əmim otağa daxil olaraq atamı kənara çəkdi və bundan sonra atam getdi. Mən ilk əvvəl atamın döyməyi ilə bağlı polisə müraciət etmək istəmədim. Sonra bu halların davamlı olacağını fikirləşdiyim üçün şikayət etdim".
Zərərçəkmiş şəxs ifadəsinin sonunda atası ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli


