Kriminal

Bakıda qadın ərinə "niyə gec gəldin?" dediyinə görə döyüldü

Bakıda qadın ərinə niyə gec gəldin? dediyinə görə döyüldü

Bakının Suraxanı rayonunda ər-arvadın mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 4-də baş verib. Tərtər rayon sakini, 1985-ci il təvəllüdlü Sərdar həyat yoldaşı Ləman (adlar şərtidir – red.) ilə mübahisə edib.

İstintaq sənədlərinə görə, Sərdar həmin gün, gecə saat 01 radələrində yaşadığı evə gec gəlib. Bunun üçün arvadı həyətə çıxaraq ona evə niyə gec gəldiyini və kiminlə bir yerdə olduğunu soruşub.

Bu səbəbdən aralarında yaranan mübahisə zamanı əsəbləşən Sərdar əli ilə qəsdən arvadının sifət nahiyəsinə vuraraq ona xəsarətlər yetirib.

Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, arvadına qarşı etdiyi əməlindən peşmandır, dəymiş ziyanı tam ödəyib. O, həyat yoldaşı və övladları ilə birlikdə yaşadığını, münasibətlərinin qaydasında olduğunu bildirib. Zərərçəkmiş Ləman da ifadəsində əri ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

R
Redaktor