Xəbər verdiyimiz kimi, Türkiyənin Manisa vilayətinin Turgutlu rayonunda məktəb yaxınlığında silahlı hücum baş verib. Hadisə İnci Üzmez Peşə və Texniki Anadolu Liseyinin yaxınlığında səhər saatlarında qeydə alınıb. İlkin məlumata görə, naməlum şəxs tüfənglə ətrafa atəş açıb. Hadisə ilə bağlı xəbərdarlıqdan sonra əraziyə çox sayda polis və təcili tibbi yardım briqadası göndərilib.
Demokrat.az xəbər verir ki, Manisa Valiliyinin açıqlamasına əsasən, insident nəticəsində 8 nəfər hadisədən zərər çəkib. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Atəş açdığı ehtimal olunan şəxs hadisə yerindən piyada qaçıb. Polis ərazidəki təhlükəsizlik kameralarının görüntülərini araşdıraraq şübhəlini müəyyənləşdirib və saxlayıb.
Hadisə zamanı məktəbə çox sayda valideyn gəlib. Övladlarının vəziyyəti ilə bağlı məlumat almaq istəyən valideynlərlə təhlükəsizlik tədbirləri görən polis əməkdaşları arasında qısa müddətli qarşıdurma da yaşanıb. Faktla bağlı hüquqi və inzibati araşdırma başlanıb.
Turqutlu rayon bələdiyyəsinin sədri Çetin Akın isə bildirib ki, liseyin qarşısında baş verən silahlı hücum nəticəsində 1 şagird ölüb. Onun sözlərinə görə, hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
Hadisəni törədən şəxsin axtarışları davam edir.
*** 10:40
Xəbər verdiyimiz kimi, Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda peşə və texniki liseylərdən birində dəhşətli hadisə baş verib. Məktəbin qarşısına gələn şəxs həyətdə olan şagirdlərə ard-arda atəş açıb.
Demokrat.az xəbər verir ki, çoxsaylı şəxsin yaralandığı hücumla bağlı yeni görüntülər ortaya çıxıb. Silahla atəş açan şəxsin hadisə yerindən qaçdığı anlar təhlükəsizlik kamerasına saniyə-saniyə əks olunub.
*** 10:06
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında naməlum şəxsin silahla atəş açması nəticəsində 4 şagird yaralanıb, hadisə yerinə çoxsaylı polis və tibb briqadaları göndərilib.
Demokrat.az xəbər verir ki, hadisə səhər saat 08:00 radələrində baş verib. İlkin məlumatlara görə, şübhəli şəxs hələlik məlum olmayan səbəbdən məktəbin qarşısında silahla ətrafa atəş açıb. Hücum zamanı şagirdlərin yaralanması barədə 112 Təcili Yardım Mərkəzinə məlumat verilib.
Məlumatdan sonra hadisə yerinə çoxsaylı hüquq-mühafizə və tibb briqadaları yönləndirilib. Əraziyə çatan qruplar hazırda müdaxilə edir və hadisə yerində araşdırma aparırlar.
*** 09:47
Türkiyənin Manisa vilayətinin Turqutlu rayonunda liseyin qarşısında silahlı hücum baş verib.
Demokrat.az xəbər verir ki, hadisə nəticəsində şagirdlərin yaralandığı bildirilir.
Hadisə Niyazi Üzmez Anadolu Texniki Liseyinin qarşısında törədilib. NTV-nin bölgə müxbiri Merih Akının hadisə yerindən əldə etdiyi ilkin məlumatlara görə, dörd şagirdin yaralandığını bildirib.
Merih Akın hücumdan sonra hadisə yerinə çox sayda polis və tibbi yardım briqadasının göndərildiyini qeyd edib.
Silahlı hücumdan sonra məktəbin qarşısında insanların toplaşmağa başladığı bildirilib.
Hadisə ilə bağlı yeni məlumatların yaxın zamanda açıqlanacağı gözlənilir.
Jalə Demokrat.az

