İqtisadiyyat Özəl

Əhalinin banklara marağı artdı — Maliyyə bazarında canlanma

Əhalinin banklara marağı artdı — Maliyyə bazarında canlanma

Azərbaycanda bankların 41 102-si fiziki, 104-ü isə hüquqi şəxs olmaqla ümumilikdə 41 206 unikal səhmdarı var.

Bank səhmdarlarının sayının 41 mini keçməsi Azərbaycanda əhalinin bank sektoruna investisiya marağının artdığını göstərir?

İqtisadçı Asif İbrahimov Demokrat.az-a açıqlamasında söyləyib ki, bankların 41 mindən çox unikal səhmdarının olması xüsusilə səhmdarların böyük hissəsinin fiziki şəxslərdən ibarət olması, əhalinin maliyyə və kapital bazarlarına marağının formalaşdığını göstərən müsbət göstəricidir.

Əhalinin banklara marağı artdı — Maliyyə bazarında canlanma

Onun sözlərinə görə, bu rəqəm bank səhmlərinin artıq müəyyən investor kütləsi üçün əlçatan maliyyə alətinə çevrildiyini göstərir:

“Mərkəzi Bankın son illərdə maliyyə sektorunda şəffaflığın, dayanıqlılığın, korporativ idarəetmənin və investorların hüquqlarının qorunmasının gücləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət kapital bazarının inkişafı üçün mühüm institusional mühit formalaşdırır.

Maliyyə sisteminə etimadın yüksəlməsi əhalinin müxtəlif maliyyə alətlərinə marağının artmasına da şərait yaradır. 41 mindən çox səhmdarın olması investisiya mədəniyyətinin genişlənməsi üçün əhəmiyyətli göstəricidir.

Bu göstəricinin iqtisadi əhəmiyyətini qiymətləndirərkən səhmdarların sayından əlavə, onların investisiya etdikləri vəsaitin həcminə, səhmlərin alqı-satqısının aktivliyinə və yeni investorların bazara daxilolma dinamikasına baxmaq lazımdır.

Fiziki şəxslərin bank səhmdarları arasında üstünlük təşkil etməsi səhmdarlığın daha geniş əhali qruplarına yayıldığını göstərir. Bu prosesin davamlı xarakter alması üçün kapital bazarında investisiya imkanlarının artırılması, maliyyə savadlılığının yüksəldilməsi, şirkətlərin kapital bazarı alətlərindən daha çox istifadə etməsi və səhmlərin likvidliyinin yüksəldilməsi vacibdir.

Əhalinin bank səhmlərinə marağının hansı sürətlə artdığını müəyyən etmək üçün əvvəlki illərlə müqayisəli göstəricilər xüsusi əhəmiyyət daşıyır.

Fiziki səhmdarların sayındakı dəyişiklik, onların investisiya portfelinin həcmi, səhmlərin dövriyyəsi və bazara yeni investorların daxil olması bu dinamikanı daha dəqiq qiymətləndirməyə imkan verir”.

İqtisadçı əlavə edib ki, 41 mindən çox səhmdarın olması Azərbaycan kapital bazarı üçün müsbət potensialın göstəricisidir:

“Mərkəzi Bankın maliyyə sektorunda sabitliyin və şəffaflığın möhkəmləndirilməsi istiqamətində gördüyü işlər bu potensialın reallaşdırılması üçün vacib baza yaradır.

Növbəti mərhələdə əsas məqsəd səhmdarların sayının sadəcə artması deyil, onların kapital bazarında daha aktiv, məlumatlı və uzunmüddətli investor kimi iştirakının genişləndirilməsidir. Bu proses dərinləşdikcə əhalinin bank sektoruna və ümumilikdə kapital bazarına investisiya marağının daha real göstəricilərini görmək mümkün olacaq”.

Nuray Paşşanlı

D
demokrat.az