Əmək bazarında son illərin ən çox tələbat görən istiqamətlərindən biri İT sektorudur. Bu sahədə kadr ehtiyacı artsa da, işə qəbul zamanı namizədlərə qoyulan tələblər də getdikcə sərtləşir. Xüsusilə ali təhsil və ixtisas uyğunluğu məsələsi İT sahəsində çalışan və bu sektora yeni daxil olmaq istəyən şəxslər üçün əsas müzakirə mövzularından birinə çevrilib. Bəzi işəgötürənlər namizədin yalnız ali təhsilli olmasını kifayət hesab etmir, onun müraciət etdiyi vəzifəyə uyğun ixtisas üzrə təhsil almasını da tələb edirlər.
Aparıcı şəbəkə mühəndisi, tədqiqatçı, beynəlxalq qızıl medalçı Telman Məmmədov Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Azərbaycanda, xüsusilə bank və maliyyə sektorunda İT vakansiyalarında namizədin yalnız ali təhsilli olması deyil, ali təhsilinin də birbaşa çalışacağı sahəyə uyğun olması tələbi ilə daha tez-tez qarşılaşırıq.
Onun sözlərinə görə, əvvəllər bu, əsasən üstünlük kimi qeyd olunurdusa, indi bəzi vakansiyalarda ilkin seçim meyarına çevrilir:
“Problem həmin peşəkarlığın hansı meyarla ölçülməsində başlayır. İnformasiya texnologiyaları elə sahələrdəndir ki, burada insanın 18–20 yaşında universitetdə seçdiyi ixtisas onun 30 və ya 35 yaşında hansı səviyyəli mütəxəssis olduğunu tam ifadə etmir. Texnologiya çox sürətlə dəyişir. Bu gün istifadə etdiyimiz bulud müasir texnologiyalar və digər yanaşmalar bir çox mütəxəssisin universitetdə oxuduğu dövrdə ya mövcud deyildi, ya da indiki səviyyədə tədris olunmurdu. Kadr başqa texniki və ya hətta qeyri-İT ixtisası bitirib, sonradan 8–10 il İT sahəsində çalışa, beynəlxalq sertifikatlar əldə edə, böyük infrastrukturlara cavabdeh ola və çox yüksək peşəkar səviyyəyə çata bilər. Belə bir mütəxəssisi yalnız diplomunda yazılan ixtisasına görə kənarlaşdırmaq real kompetensiyanı deyil, formal göstəricini ölçmək deməkdir”.
Telman Məmmədov qeyd edib ki, diplom bilik əldə etməyin yollarından biridir, lakin xüsusilə İT-də bilik və bacarığın yeganə sübutu deyil:
“Bundan əlavə, namizədin neçə il real sistemlərlə işləməsi, hansı layihələri həyata keçirməsi və texniki müsahibə zamanı nümayiş etdirdiyi bilik çox vaxt onun diplomunun adından daha çox məlumat verir. Məsələnin digər tərəfi əmək bazarıdır. Azərbaycanın 2026–2028-ci illər üzrə rəqəmsal inkişaf planında ixtisaslı kadr çatışmazlığı artıq rəsmi şəkildə rəqəmsal inkişaf qarşısındakı maneələrdən biri kimi göstərilir. Dünyanın özü kibertəhlükəsizlik, proqram mühəndisliyi, süni intellekt və data sahəsində mütəxəssis uğrunda mübarizə apardığı bir vaxtda, Azərbaycan kimi daha kiçik əmək bazarında mövcud mütəxəssis bazasını əlavə formal filtrlərlə daha da daraltmaq arzuolunan nəticə verməyə bilər. Burada balanslı model tətbiq etmək mümkündür. Məsələn, vakansiyada “müvafiq ixtisas üzrə ali təhsil mütləqdir” əvəzinə “müvafiq ixtisas üzrə ali təhsil və ya ekvivalent peşəkar təcrübə və beynəlxalq sertifikasiya” prinsipi tətbiq edilə bilər. Belə olduqda həm ali təhsilin əhəmiyyəti qorunur, həm də illərlə real sektorda formalaşmış mütəxəssislər süni şəkildə sistemdən kənarda saxlanılmır. Əslində məqsəd diplom tələbini azaltmaq olmamalıdır. Məqsəd daha düzgün ölçmə mexanizmi yaratmaqdır. Gələcəyin doğru modeli diplom mərkəzli deyil, kompetensiya mərkəzli işə qəbul modelidir. Ali təhsil, real iş təcrübəsi, beynəlxalq sertifikatlar, praktiki imtahan, texniki müsahibə və əvvəlki layihələrin nəticələri birlikdə qiymətləndirilməlidir. Xüsusilə dövlət səviyyəsində ixtisaslı İT kadrlarının artırılmasının hədəfləndiyi bir dövrdə, həm dövlətin, həm tənzimləyicinin, həm də özəl sektorun marağı eynidir”.


