Elm və təhsil naziri Emin Əmrullayev şagird sayı az olan məktəblərin bağlanması məsələsinin gündəmdə olduğunu bildirib.Belə məktəblərin optimallaşdırılması tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi daşısa da, xüsusilə ucqar kəndlərdə yaşayan şagirdlərin məktəbə gediş-gəlişi və təhsilə çıxışı ilə bağlı suallar yaradır.
Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndi söyləyib ki, şagird sayı az olan məktəblərin bağlanması prosesi artıq bir neçə ildir davam edir.

Onun sözlərinə görə, burada həm optimallaşdırma, həm də rasionallaşdırma nəzərdə tutulur:
“Məqsəd ondan ibarətdir ki, hansısa məktəbdə 3-5 və ya maksimum 14-15 şagird varsa, şagirdlər şagird sayı daha çox olan digər məktəblərə yönləndirilsin.
Çünki, məsələn, 14-15 şagirdi olan məktəbdə siniflər üzrə ya bir şagird olur, ya da ümumiyyətlə, hansısa sinifdə şagird olmur. Bu da dərsin keyfiyyətinə mənfi təsir göstərir. Çünki burada həm müəllimin dərs keçməyə həvəsinin azalması, eyni zamanda şagirdlərin davamiyyətinin aşağı düşməsi kimi hallar müşahidə olunur. Bəzən şagirdlər düşünürlər ki, sinifdə təkcə mənəm, başqa heç kim yoxdur, onsuz da niyə dərsə gedim? Bu kimi yanaşmalar da tədrisin keyfiyyətinə mənfi təsir göstərir.
İstər paytaxt olsun, istərsə də ucqar kənd olsun, ümumi tədris prosesində belə boşluqların olması, əlbəttə ki, təhsil göstəricilərini aşağı salır.
Bu baxımdan, belə məktəblər bağlanaraq şagird sayı ən azı 100 və ya daha çox olan məktəblərə həmin şagirdlərin köçürülməsi həyata keçirilir. Bəzi hallarda həmin şagirdlərin gediş-gəlişi ilə bağlı müəyyən problemlər yarandıqda onlara ayrı-ayrı fənlər üzrə distant təhsil təklif olunur və onlar onlayn təhsilə də cəlb edilirlər.
Bu isə, əlbəttə ki, ümumi tədris prosesində müsbət dəyişikliklərə səbəb olur. Təbii ki, bu dəyişiklikləri biz müvafiq monitorinqlərdə, eyni zamanda buraxılış və qəbul imtahanlarının nəticələrində görə biləcəyik. Çünki dediyim kimi, artıq 2-3 ildir bu prosesə start verilib. İlkin nəticələri isə 2028-ci ildən və sonrakı illərdə görə biləcəyik”, – deyə Elçin Əfəndi fikrini tamamlayıb.


