Azərbaycanda ev şəraitində hazırlanan qida məhsullarının satışı üçün yeni qaydaların hazırlanması planlaşdırılır. Bu addım bulka, peraşki, turşu, tort və digər məhsulların qiymətinə, eləcə də kiçik istehsalçıların gəlirlərinə təsir göstərə bilər.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, yüzlərlə ailə yüzillərdir ev şəraitində turşular, mürəbbələr və digər məhsullar hazırlayıb.

Onun sözlərinə görə, ailələr özləri də istifadə ediblər, satışa da çıxarıblar:
“Bu məsələnin necə həyata keçiriləcəyi ilə bağlı suallar açıq qalır. Belə həddindən artıq tənzimləmə və nəzarət mexanizmlərinin yaradılmasını heç doğru hesab etmirəm. Əlbəttə, dövlətin ədalətli və effektiv nəzarət sistemi olmalıdır. Amma düşünürəm ki, burada istehlakçı şikayətlərinə əsaslanan mexanizm daha düzgün yanaşma ola bilər.
Yəni müştəri məhsulu alır, istifadə edir və bundan razıdırsa, niyə həmin fəaliyyətlə bağlı bu qədər ciddi standartlar və nəzarət mexanizmləri yaradılmalıdır? Əgər konkret məhsulla bağlı problem yaranırsa və ya istehlakçı şikayət edirsə, həmin şikayət əsasında araşdırma və nəzarətin həyata keçirilməsi daha məqsədəuyğun ola bilər.
Çünki bu cür əlavə tələblər və nəzarət mexanizmləri nəticə etibarilə əlavə xərc deməkdir. Xüsusilə də ev şəraitində kiçik həcmdə məhsul hazırlayıb satan insanlar üçün bu xərclər ciddi yük yarada bilər.
Həddindən artıq tənzimləmə insanların belə kiçik fəaliyyətlə məşğul olmasını da çətinləşdirə bilər.
Bundan başqa, çoxsaylı yoxlama və nəzarət mexanizmlərinin yaradılması korrupsiya üçün əlavə imkanlar da yarada bilər. Ona görə də nəzarət sistemi elə qurulmalıdır ki, həm istehlakçının hüquqları və sağlamlığı qorunsun, həm də vətəndaşların üzərinə həddindən artıq yük qoyulmasın.
Yəni əsas məsələ nəzarətin ümumiyyətlə olmaması deyil. Dövlət, təbii ki, istehlakçıların təhlükəsizliyini təmin etməlidir. Amma bu nəzarət real risklərə, konkret şikayətlərə və əsaslandırılmış hallara uyğun həyata keçirilməlidir. Ona görə də bu tipli qaydaların Azərbaycanda bu formada tətbiqini o qədər də doğru saymıram”, - deyə Natiq Cəfərli fikrini tamamlayıb.


