2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri illik 5,7 faiz artıb. Ərzaq məhsulları 6,9 faiz, qeyri-qida məhsulları 3,7 faiz, xidmətlər isə 5,6 faiz bahalaşıb.
İqtisadçı Xalid Kərimli Demokrat.az-a açıqlamasında söyləyib ki, inflyasiyanın səbəblərinə nəzər saldıqda görürük ki, inflyasiyanı artıran amillərin təxminən üçdə ikisi idxalla bağlıdır:

“Yəni idxal qiymətləri artır. Buraya həm alış qiymətləri, həm də daşıma xərcləri daxildir. Əsas inflyasiya səbəblərindən biri məhz idxal qiymətlərinin artmasıdır. Biz əsasən Türkiyə, Rusiya, Çin və Avropa ölkələrindən idxal edirik. Bu ölkələrdə alış və idxal qiymətlərinin artması Azərbaycanda da qiymətlərə təsir göstərir”.
Onun sözlərinə görə, digər amillər isə daxili faktorlarla bağlıdır:
“Yerli xərclər, yəni ölkə daxilində istehsalın maya dəyəri artır. Burada Tarif Şurasının qərarlarının da təsiri var. Məsələn, son iki ildə dizel yanacağının qiyməti iki dəfə artırılıb. Bu da inflyasiyaya təsir edən amillərdəndir. Digər tərəfdən, əməkhaqları da artır. Məsələn, bu il orta aylıq əməkhaqqı 7,2 faiz artıb. Bu da biznesin işçilik xərclərinin yüksəlməsi deməkdir. Enerji xərclərinin artması isə həm istehsalın, həm də daşınmanın maya dəyərini artırır. Beləliklə, inflyasiyanın əsas səbəbləri iki istiqamətdə cəmlənir. İdxal qiymətlərinin artması və daxili faktorlarla bağlı xərclərin yüksəlməsi”.


