Region Özəl

Melaniya Arutyunyan: "Paşinyan Azərbaycanla sülhü bərqərar etmək üçün xalqın mandatını alıb"

Melaniya Arutyunyan: Paşinyan Azərbaycanla sülhü bərqərar etmək üçün xalqın mandatını alıb

Azərbaycanla sülhün bərqərar edilməsi Ermənistan hökumətinin əsas öhdəliklərindən biridir və baş nazir Nikol Paşinyan bunu həyata keçirmək üçün xalqdan mandat alıb və tam olaraq səlahiyyət sahibidir.

Demokrat.az-ın məlumatına görə, Ermənistan baş nazirinin sözçüsü Melaniya Arutyunyan bu barədə "The Wall Street Journal"a müsahibəsində bildirib.

O, nəşrin Ermənistan-Azərbaycan sülh sazişinin əldə edilməsi prosesində ABŞ-ın iqtisadi və texnoloji təkliflərinin rolu ilə bağlı dərc etdiyi məqaləni şərh edərkən bu fikirləri səsləndirib.

Arutyunyan həmçinin qeyd edib ki, ötən ilin avqustunda Vaşinqtonda imzalanmış ikitərəfli sənədlər – o cümlədən yarımkeçiricilər və süni intellekt sahəsində anlaşma memorandumu – sülh prosesi nəticəsində Ermənistana əhəmiyyətli imkanlar təqdim edir.

Danışıqlarda iştirak edən mənbələrə istinadən "The Wall Street Journal" xəbər verib ki, ABŞ nümayəndələri Ermənistan və Azərbaycan arasında ilkin sülh sazişinin əldə edilməsi məqsədilə iqtisadi təşviq vasitəsi kimi Ermənistanın "Nvidia" şirkətinin qabaqcıl süni intellekt çiplərinə çıxışının genişləndirilməsi vədindən istifadə ediblər.

Jurnal bu yanaşmanı ABŞ administrasiyasının "çip diplomatiyası" adlandırılan siyasətinin bariz nümunəsi kimi vurğulayıb. Digər ölkələrlə iqtisadi sazişlərin əldə edilməsində texnologiya sahəsindəki təkliflərdən istifadə edilsə də, nəşr qeyd edir ki, Ermənistanla bağlı vəziyyətdə bu təkliflər həm də sülh prosesinə töhfə verib.

Söhbət konkret olaraq, hazırda Hrazdanda inşa edilən "Firebird AI" məlumat mərkəzi üçün nəzərdə tutulmuş "Nvidia"nın qabaqcıl çiplərinə dair ixrac lisenziyalarından gedir. Qəzetin məlumatına görə, layihənin ümumi dəyəri 5 milyard dolları keçə bilər. Mərkəzin təxminən 70 000 ədəd "Nvidia Grace Blackwell" və "Vera Rubin" serveri ilə təchiz edilməsi planlaşdırılır.

"Firebird" layihəsinin təqdimatında Baş nazir Nikol Paşinyan bunu mühüm nailiyyət kimi qiymətləndirdi və ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayaraq, ötən il Ermənistan ilə ABŞ arasında texnologiya və ticarət sahəsində əməkdaşlığı genişləndirən memorandumu xatırlatdı.

"Wall Street Journal"ın məlumatına görə, ABŞ-ın danışıqlar qrupu hesab edirdi ki, Ermənistana ABŞ ilə daha sıx iqtisadi əlaqələr və qabaqcıl texnologiyalara çıxış imkanı təklif etməklə sülh prosesini gücləndirmək olar.

Qəzet həmçinin ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun komandası tərəfindən 2025-ci ilin iyununda hazırlanmış bir sənədə istinad edib. Sənəddə sülh prosesi çərçivəsində Ermənistanla ABŞ arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi, Ermənistanın texnologiya sektorunun dəstəklənməsi və "Firebird" layihəsi üçün zəruri olan mikrosxemlərə ixrac lisenziyalarının verilməsi ilə bağlı planlar əksini tapıb.

"Firebird" ilkin olaraq təxminən 6000 ədəd qrafik emal blokunun ixracı üçün lisenziya müraciəti etmişdi. "The Wall Street Journal"ın məlumatına görə, Ermənistan və Azərbaycan arasında əldə olunmuş ilkin razılaşmadan sonra ABŞ tərəfi on minlərlə qabaqcıl "Nvidia GB300" prosessorunun tədarükünə icazə verməyə razılaşıb.

Alparslan

D
demokrat.az