2027-ci ildən XI sinif buraxılış imtahanında xarici dil üzrə yazı tapşırığının tətbiqi nəzərdə tutulur. Yeni yanaşmaya əsasən, şagirdlərdən verilmiş sual və ya fikir əsasında öz düşüncələrini yazılı şəkildə ifadə etmələri tələb olunacaq.
Bu dəyişiklik Azərbaycan təhsilində hansı ehtiyacdan yaranıb və yeni qiymətləndirmə yanaşmasının şagirdlərin hazırlıq prosesinə təsiri necə ola bilər?
Demokrat.az-a bu barədə təhsil eksperti Əmrah Həsənli deyib ki, bu dəyişiklik xarici dil tədrisinin yalnız qrammatika və test nəticələri üzərindən deyil, həm də real kommunikativ bacarıqlar əsasında qiymətləndirilməsi ehtiyacından irəli gəlir.
Onun sözlərinə görə, xarici dil bilmək sadəcə düzgün variantı seçmək deyil, həmin dildə öz fikrini sərbəst, məntiqli və anlaşıqlı şəkildə ifadə edə bilməkdir:
“Yazı tapşırığının tətbiqi şagirdin məhz bu bacarığını daha obyektiv şəkildə ortaya qoymağa imkan verəcək. Bu yeniliyin şagirdlərin hazırlığına təsiri də kifayət qədər ciddi olacaq. Artıq yalnız test həlli və qrammatik qaydaların əzbərlənməsi kifayət etməyəcək. Şagird müxtəlif mövzular haqqında düşünməyi, fikrini ardıcıl şəkildə qurmağı, söz ehtiyatından düzgün istifadə etməyi və həmin fikirləri xarici dildə yazılı şəkildə ifadə etməyi mütəmadi şəkildə məşq etməlidir.
Bu baxımdan məktəblərdə və hazırlıq kurslarında yazı bacarığının inkişafına daha çox vaxt ayrılması vacibdir. Amma burada əsas risk ondan ibarətdir ki, yeni tapşırıq şablon əzbərləməsinə çevrilməsin. Şagird hazır mətnləri yadda saxlamaq əvəzinə, müxtəlif mövzular üzrə sərbəst şəkildə fikir ifadə etməyi öyrənməlidir. Bunun üçün müəllimlərin də yeni qiymətləndirmə meyarlarına uyğun hazırlanması və şagirdlərə davamlı geribildirim verməsi önəmlidir.
Ümumilikdə isə bu dəyişiklikləri müsbət hesab edirəm və düşünürəm ki, bu, doğru istiqamətdə atılmış addımdır. Çünki məqsəd yalnız imtahanda yüksək nəticə göstərən deyil, xarici dildən real həyatda, ali təhsildə və gələcək peşə fəaliyyətində istifadə edə bilən məzun yetişdirmək olmalıdır. Yeni qiymətləndirmə yanaşması da məhz bu istiqamətdə tədrisi daha praktik və bacarıqyönümlü edə bilər”, - deyə Əmrah Həsənli fikrini tamamlayıb.


