Azərbaycanda aktiv vergi ödəyicilərinin, eləcə də ƏDV ödəyicilərinin sayında artım müşahidə olunur. Bu, bir tərəfdən biznes və sahibkarlıq fəaliyyətində canlanma ilə əlaqələndirilə bilsə də, digər tərəfdən vergi uçotu və inzibatçılığında baş verən dəyişikliklərin də təsiri məsələsini gündəmə gətirir.
Bəs aktiv ƏDV ödəyicilərinin sayının artması biznes fəaliyyətinin genişlənməsindən xəbər verir, yoxsa əsas səbəb vergi uçotu və inzibatçılığındakı dəyişikliklərdir?
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, aktiv vergi ödəyicilərinin sayının artması, bir tərəfdən, iqtisadiyyatın ağarması, xüsusən də kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsi ilə bağlıdır.

Onun sözlərinə görə, bu amillər nəticə etibarilə vergi ödəyicilərinin sayına birbaşa təsir göstərib və artım müşahidə olunub:
“Eyni zamanda, iqtisadiyyatın həcminə və strukturuna uyğun olaraq vergi ödəyicilərinin sayında da artım müşahidə edilir. Bu artım həm fiziki, həm də hüquqi şəxslər üzrə müşahidə olunur. Vacib məqamlardan biri xüsusən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayının artmasıdır.
Ümumiyyətlə, iqtisadi siyasətin əsas hədəflərindən biri də məhz kiçik və orta sahibkarlığın inkişafıdır. Bütövlükdə, məqsəd ÜDM-də və məşğulluqda kiçik və orta sahibkarlığın payının artırılmasına nail olmaqdır. Bu baxımdan vergi ödəyicilərinin sayının artması pozitiv haldır.
Digər mühüm məqamlardan biri isə hüquqi şəxslərin sayının artırılması da mühüm məqsədlərdən biridir. Hazırda vergi ödəyiciləri arasında fiziki şəxslərin sayı daha çoxdur. Şübhəsiz ki, bu istiqamətdə təşviq alətlərindən daha geniş istifadə edilməsinə ehtiyac var. Hüquqi şəxslərin sayının artırılması və ümumilikdə həm fiziki, həm də hüquqi şəxslərin sayının artması hesabına vergi ödəyicilərinin sayında əlavə artıma nail olmaq mümkündür”, – deyə Vüqar Bayramov fikrini tamamlayıb.


