Cəmiyyətdə geniş yayılmış “hamı belə edir” düşüncəsi insanların şəxsi seçimlərinə və davranışlarına təsir göstərə bilər. İnsanların ətrafındakı şəxslərin qərarlarını meyar götürməsi bəzən fərdi mövqenin arxa plana keçməsinə, hətta düzgün hesab etmədiyi davranışları yalnız çoxluğa uyğunlaşmaq üçün təkrarlamasına səbəb olur.
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, “hamı belə edir” düşüncəsi məsuliyyəti başqalarının üzərinə atmaq cəhdidir.
Onun sözlərinə görə, insanlar öz fərdi qərarlarını cəmiyyətin üzərinə qoymaq istəyirlər və bununla çalışırlar ki, öz qeyri-adi və bəzən normalara uyğun olmayan qərarlarını hansısa şəkildə əsaslandırsınlar:
“Yəni bu, yanlış əsaslandırmanın, yanlış düşüncənin və ümumi stereotipləşmənin məhsuludur. Cəmiyyət, təbii ki, hər yanlış davranışa haqq qazandırmır. İctimai qınağa məruz qalan insanlar belə, başqalarının eyni yanlış hərəkətini daha sərt şəkildə qınaya bilirlər. Bu, çox maraqlı bir paradoksdur.
Əhalinin 60–70 faizində belə bir düşüncənin formalaşması halları var. Bunu dəyişmək üçün, çox təəssüf ki, uzunmüddətli sosial-psixoloji iş və maarifləndirmə aparılmalıdır.
İnsanlar öncə cəmiyyətdə məsuliyyətli davranmağı və şəxsi eqolarını kənara qoyaraq başqalarını olduqları kimi qəbul etməyi öyrənməlidirlər. Təəssüf ki, bu, çox vaxt cəmiyyətdə insan itkiləri baş verdikdən sonra müşahidə olunur. Biz itki ilə üzləşəndə deyirik ki, hamı mənim dediyim kimi davransaydı, bəlkə də vəziyyət fərqli ola bilərdi.
Əslində isə qaydalar çərçivəsində hər kəsin fərdi, normal və etik davranışı çox vacibdir. Bu da birmənalı şəkildə insanların davranış və düşüncəsinə təsir edən amillərdən biridir.
Sosial məsuliyyət və şəxsiyyət amili çox vacibdir. Biz cəmiyyətdə sosial həmrəylik, harmoniya və sosial məsuliyyət istəyiriksə, yeni nəslin, eləcə də cəmiyyətin şəxsiyyətyönümlü yetişdirilməsinə, ictimai düşüncənin və ictimai rəyin formalaşdırılmasına nail olmalıyıq”, – deyə sosioloq fikrini tamamlayıb.


