Sumqayıt şəhərində 40 yaşlı qadın həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, 41-ci məhəllədə baş verib. 1986-cı il təvəllüdlü Sevda yaşadıqları evdə həyat yoldaşı Bəhram (adlar şərtidir – red.) ilə mübahisə edib. Bu zaman qadın ərinə xəsarət yetirib.
Sevdanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sevda ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bəhram ilə 2021-ci ilin yanvar ayında ailə həyatı qurub, bu nikahdan 2023-cü ildə Arzu adlı qız övladları dünyaya gəlib:
“Həyat yoldaşım uzun müddətdir ki, işsiz qaldığına və spirtli içkilərdən istifadə etdiyinə görə yaşadığımız evdə tez-tez mübahisələr olub. Sonuncu dəfə məlum hadisə günü, saat 18 radələrində Bəhramla yenidən mübahisə etdim. Mübahisəyə səbəb autizm xəstəliyindən əziyyət çəkən övladımızın tibbi müalicələri üçün maddi vəsaitə ehtiyacımın olması, lakin Bəhramın bir valideyn kimi işsiz qalaraq onu təmin etməməsi olub. Mübahisə gedişatında həyat yoldaşım məni nalayiq ifadələrlə təhqir etdi. Mən də əsəbləşərək əl zərbələri ilə onun sifətinin ağız və göz altı nahiyələrinə zərbə vurdum”.
Bu işə Sumqayıt Şəhər Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıb, zərərçəkən ona qarşı şikayətçi olmayıb.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


