Cəmiyyət Özəl

"Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir"

Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir

Toy mövsümünün başlaması ilə ailələrin qarşılaşdığı maliyyə yükü də artır. Xüsusilə bəzi ailələr bir ay ərzində iki və daha çox toya dəvət alır ki, bu da həm toy pulu, həm də digər xərclər baxımından büdcəyə əlavə yük yaradır.

Toy mövsümündə artan dəvətlər ailələrin büdcəsinə nə qədər təsir edir və bir ay ərzində bir neçə toya dəvət alan ailələr bu xərcləri necə qarşılayır?

Sosioloq Mail Yaqub Demokrat.az-a açıqlamasında bildirib ki, mövcud vəziyyət acınacaqlıdır:

“Azərbaycanda toy ənənələri çox dözülməz həddə çatıb. Burada heç bir məntiq yoxdur. Şadlıq evləri qiymətləri o qədər yüksəldiblər ki, bu ağır xərcin altından çıxmaq normal, adi gəliri olan azərbaycanlı ailələr üçün mümkün deyil. Toy sahibi niyə toya adam dəvət edir? Ona görə ki, həmin şadlıq evinin ağır xərcindən çıxsın. Bilirsiniz? Ona görə toy indi bu ağır xərci ödəmək üçün bir imkana çevrilib. Toya dəvət olunan insanların neçə faizi canı-gönüldən, könül xoşluğu ilə gedir, toy sahibinə gözaydınlığı verir? Çox az faizi. Çoxu narazı gedir. Belə toy olar? Sənin toya dəvət etdiyin insanlar normal dolanışıqları olmayan insanlardır, gətirib orada 100 manat, 200 manat, 300 manat, nə bilim, nə qədər də pul yazdırmalıdırlar. Burada heç bir məntiq yoxdur. Toy yalnız yaxın adamların iştirak etdiyi bir mərasim olmalıdır. Ailəyə yaxın insanlar, yaxın dostlar, lap yaxın qohum-əqrəbalar. Yoxsa uzaq insanlar, uzaq tanışlar… Onların toyda nə işi var? Onlar toya niyə dəvət olunmalıdır axı?”

Sosioloq qeyd edib ki, toy bir insanın məhrəm, isti bir mərasimidir:

“Biz isə toyu eləmişik biznes, alış-veriş məkanı. Ona görə burada heç bir məntiq görmürəm. Kimlərsə qabağa düşməlidir, bu ənənəni yığışdırmalıdır. Azərbaycanda bu vəziyyəti düzəltmək lazımdır. Toya dəvət olunan insanların qanı qaralır ki, mən gedib orada filan qədər pul yazdırmalıyam. Şəhər toylarında təsəvvür edin, artıq 100 manat da aşağı hesab olunur. Gərək heç olmasa 200 manat pul yazdırsın ki, o da toy sahibinin xərcini ödəsin. Düşünürəm ki, burada qazanan yalnız şadlıq evləridir, vəssalam. Toy edən insan da ağır yük altındadır, toya dəvət olunan insanlar da ağır yük altına düşürlər. İndi burada dövlət də dəstək olmalıdır, şübhəsiz. Biz təkcə deyə bilmərik ki, bu insanların öz fərdi seçimidir. Xeyr. Kapitalizmin özündə də dövlət müəyyən məqamlarda mütləq müdaxilə etməlidir”.

Fidan Hacızadə

D
demokrat.az