Dünya Özəl

100 yasinli qadın uzunömürlülüyünün 6 sirrini açıqladı

100 yasinli qadın uzunömürlülüyünün 6 sirrini açıqladı

100 yaşlı amerikalı Rubi Maknalli müstəqil yaşamağa davam edir, avtomobil idarə edir, özü üçün yemək hazırlayır və mütəmadi olaraq piyada gəzir. Qadın yubileyi münasibətilə həyatında üçüncü dəfə paraşütlə tullanıb.

Demokrat.az xəbər verir ki, o, həyat tərzi və uzunömürlülüyünün sirri barədə "TODAY" nəşrinə danışıb.

Maknalli 19 avqust 1926-cı ildə İllinoys ştatında anadan olub, uşaqlığını isə Vermontda keçirib. O, onilliklər ərzində tibb bacısı kimi çalışıb, iki dəfə ailə qurub və hər iki dəfə həyat yoldaşını itirib. Qadının hazırda 62-77 yaşlarında olan yeddi övladı var. Uzunömürlülük onun ailəsində də müşahidə olunur: Maknalinin bacılarından biri 101 il, daha iki qardaşı və bir bacısı isə 90 il yaşayıb.

Qadın 80 yaşını tamamladıqdan sonra paraşütlə tullanmağa maraq göstərməyə başlayıb. Həmin vaxt nəvələrindən biri ona bunu sınamağı təklif edib. Təcrübə Maknallinin o qədər xoşuna gəlib ki, o, 90 illik yubileyində yenidən paraşütlə tullanıb, daha sonra isə 100 yaşında bunu üçüncü dəfə edib. Bu dəfə onunla birlikdə təyyarədən dörd nəvəsi də tullanıb.

Paraşütlə tullanmaqdan qorxub-qorxmadığı barədə suala yubilyar belə cavab verib: “Heç bir qorxu yox idi. Bu, çox həyəcanverici idi. Mən bunu sevirəm”.

Onun qızı Şeronun sözlərinə görə, anasının həyat fəlsəfəsi təslim olmamaq, irəliləmək və heç nədən qorxmamaqdan ibarətdir.

Gündəlik həyatda da Maknalli müstəqilliyini qoruyur: mağazalara və həkim qəbuluna özü avtomobil sürərək gedir, evdə isə yeməklərini özü hazırlayır. Həyata münasibətini o, sadə şəkildə belə ifadə edir: “Mən sadəcə hər günü gəldiyi kimi yaşayıram, hər gündən və həyatdan zövq alıram”.

Qadın uzunömürlülüyünün əsas amillərindən biri kimi qidalanmanı göstərir. Uşaqlıqda ailəsinin təzə tərəvəz yetişdirdiyi bağı olub, onlar həmçinin yabanı giləmeyvələr toplayıblar. Bu gün Maknalli demək olar ki, yalnız üzvi tərəvəz və ət alır, tez-tez meyvə və tərəvəzləri çiy halda yeyir və şirniyyatlardan uzaq durur. Bununla belə, o vurğulayır ki, əvvəllər qidalanmasında özünü həmişə məhdudlaşdırmayıb. Onun sözlərinə görə, uşaqlıqda süfrədə olan demək olar ki, hər şeyi yeyib.

İkinci mühüm prinsip isə ölçülü qidalanmaqdır. Maknalli bildirir ki, indi doyumlu yeməkdən sonra adətən desert istəmir. Halbuki əvvəllər şirniyyatlar onun qida rasionunun adi hissəsi olub.

Digər vərdiş isə daim hərəkətdə olmaqdır. Uşaqlıqda qadın çoxlu üzür, dağlara çıxır, ağaclara dırmaşır və idmanla məşğul olurdu. Məktəbdə qızlardan ibarət basketbol komandasının kapitanı olub. Yetkinlik dövründə yeddi uşağının tərbiyəsi səbəbindən xüsusi məşqlərə vaxtı qalmayıb, lakin Maknalli çox piyada gəzib. Hazırda dizində yaranan problemlər səbəbindən hərəkət tempini bir qədər azaldıb.

Bundan əlavə, uzunömürlü qadın insanlara macəralardan qorxmamağı, sevdikləri işlə məşğul olmağı və həyata müsbət baxışı qorumağı tövsiyə edir. Uzun illər tibb bacısı kimi çalışmasını uşaqlıqdan sevdiyi iş adlandırır. Onun sözlərinə görə, optimizm bu gün də ona kömək edir: “Düşünürəm ki, məni qismən ayaqda saxlayan məhz budur – optimist olmaq. Mən həmişə hadisələrin yaxşı tərəfinə baxıram”.

Jalə Demokrat.az

D
demokrat.az