Abşeron rayonunda 48 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1978-ci il təvəllüdlü Hüseyn (adlar şərtidir – red.) yaşadığı evə alkoqol sərxoşluğu vəziyyətində gəlib. O, həmin ünvanda onunla birlikdə yaşayan arvadı Zibeydənin onun növbəti dəfə evə alkoqol sərxoşluğu vəziyyətində gəlməsinə görə irad bildirməsi səbəbindən aralarında ailə-məişət münasibətləri zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verib.
Bu zaman 48 yaşlı kişi əsəbiləşərək arvadının üzərinə hücum edib, əlləri ilə arvadının saçlarından tutaraq dartıb, ayağı ilə onun ayağına badalaq vurmaqla yerə yıxıb. Sonra qadının saçından tutaraq döşəməyə ayaqlarını çırpmaqla taxta döşəmə boyu sürüyüb.
Hüseynin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Hüseyn ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, saat 20:00 radələrində Xırdalan şəhərində mağazalardan birindən spirtli içki sayılan “Go” alaraq içib və sonra yaşadığı evə gəlib:
“Bu zaman Zibeydə mənim spirtli içki qəbul etməyimə görə sözlə irad bildirdi. Zibeydənin bu iradı xoşuma gəlmədi. Bu zəmində aramızda mübahisə baş verdi. Mübahisə zamanı əsəbiləşərək əllərim ilə Zibeydənin saçlarından tutaraq dartdım, ayağım ilə onun ayağına badalaq vurmaqla yerə yıxdım. Yerdə də saçından tutaraq döşəməyə ayaqlarını çırpmaqla taxta döşəmə boyu sürümüşəm. Bu hadisə nəticəsində Zibeydə ayaqlarından xəsarət aldı. Sonra mübahisə və münaqişəmiz başa çatdı. Bundan sonra evdən çıxaraq getdim və bir müddət evə gəlmədim. Sonra bildim ki, Zibeydə barəmdə polisə şikayət edib”.
Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə aralarında barışıq əldə edildiyini, vurulmuş ziyanı ödədiyini, şikayət vermiş şəxsin ona qarşı hər hansı bir şikayət və tələbinin olmadığını bildirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.


