ABŞ-də aparılan yeni araşdırma qidalanmada yalnız istehlak edilən məhsulların deyil, onların hansı saatlarda qəbul edilməsinin də sağlamlıq üçün əhəmiyyətli ola biləcəyini göstərib.
Demokrat.az xəbər verir ki, araşdırmada ABŞ Milli Sağlamlıq və Qidalanma Araşdırması (NHANES) çərçivəsində 40 və daha yuxarı yaşda olan 31 mindən çox şəxsin qidalanma vərdişləri və sağlamlıq göstəriciləri təxminən 10 il ərzində təhlil edilib.
Tədqiqat zamanı yaş, siqaret istifadəsi, fiziki aktivlik, bədən kütlə indeksi və xroniki xəstəliklər kimi amillər də nəzərə alınıb. Nəticələrə görə, günün ilk yeməyinin gecikdirilməsi ölüm riskinin artması ilə əlaqələndirilib.
Məlumatlara əsasən, ilk kalorili qidasını səhər saat 07:00–08:00 arasında qəbul edənlərlə müqayisədə, daha gec yeməyə başlayan şəxslərdə ölüm riski daha yüksək olub.
İlk yeməyin səhərin daha gec saatlarına keçirilməsi ilə risk 10–19 faiz arasında artıb. İlk yeməyini günortadan sonraya saxlayanlarda isə ölüm riski 29 faiz daha yüksək olub.
Bu qrupda ürək-damar xəstəliklərindən ölüm riskinin 46 faiz artdığı, orta ömür müddətinin isə təxminən 2,5 il daha qısa olduğu müəyyən edilib.
Araşdırmada günün son yeməyinin hansı saatda qəbul edilməsinə də diqqət yetirilib. Ən aşağı ölüm riski axşam saat 20:00 radələrində son yeməyini yeyən şəxslərdə müşahidə olunub.
Son yeməyini saat 19:00-dan əvvəl tamamlayanlarda risk 13 faiz, gecə yarısından sonra yemək yeyənlərdə isə 27 faiz daha yüksək olub.
Araşdırmanın müəlliflərindən Huacun Elm və Texnologiya Universitetinin doktoru Ciley Şanın sözlərinə görə, yemək saatları orqanizmin bioloji ritminə təsir edən mühüm siqnallardan biridir.
Onun bildirdiyinə görə, səhər yeməyinin həddindən artıq gecikdirilməsi və ya axşam saatlarında gec yemək qlükoza və yağ mübadiləsində pozuntularla əlaqəli ola bilər.


