Kriminal Özəl

Ağacla döyülən qadın məhkəmədə geri addım atdı

Ağacla döyülən qadın məhkəmədə geri addım atdı

Şamaxı rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirməkdə ittiham olunub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Şamaxı rayonunun kəndlərindən birində baş verib. 1992-ci il təvəllüdlü Qafur özünə məxsus evin həyətində yerdə olan ağac parçası ilə arvadı Qəmərin (adlar şərtidir – red.) bədəninin müxtəlif nahiyələrinə vuraraq ona xəsarətlər yetirib.

Qafurun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Qafur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2012-ci ildə Qəmər ilə ailə həyatı qurublar, birgə nikahdan 3 övladları dünyaya gəlib:

“Ailə qurandan sonra münasibətlərimiz yaxşı olub, ara-sıra ailə münaqişəsi yaranıb. Məlum hadisə günü, saat 17:45 radələrində Şamaxı rayonunun Göylər kəndi ərazisində olarkən nənəm Fatimə zəng etdi, bir baş iribuynuzlu heyvanımızın itməsini bildirdi. Mən yaşadığım kəndə gedərək bir baş iribuynuzlu heyvanı axtarmağa getdim. Kənddə yerləşən dağlıq ərazidə heyvanı axtararkən həyat yoldaşım Qəməri, övladlarım Xaliq və Famil ilə gördüm. Onlara evə getmələrini tapşırdım, özüm isə heyvanı axtarmağa davam etdim”.

Təqsirləndirilən şəxs deyib ki, bir baş heyvanı tapdıqdan sonra saat 19:53 radələrində yaşadığı evə qayıdıb:

“Həmin vaxt nənəm Fatimə və həyat yoldaşım Qəmər evin həyətində olub. Həmin vaxt gördüm ki, Qəmər nənəmlə mübahisə edərək onu təhqir edib. Həyətə daxil olduqdan sonra həyat yoldaşımdan soruşdum ki, sən nə səbəbə məndən xəbərsiz küçəyə çıxaraq heyvan axtarmağa gedibsən? O, isə cavabında “mənə nənəm Fatimə dediyi üçün heyvan axtarmağa getmişəm”, – deyə bildirdi”.

Qafurun ifadəsinə görə, daha sonra Qəmər onunla mübahisə edib və dayanmadan danışaraq onu əsəbləşdirib:

“Qəmər məndən xəbərsiz evdən çıxdığı üçün və nənəm Fatiməni təhqir etdiyi üçün həyətdə yerdə olan ağac parçasını götürdüm, onun sol əlindən, sol qolundan və qıçından vurdum. Sonra Qəmərə atasına zəng etməsini, gələrək onu aparmasını deyib. Daha sonra yaşadığımız evin içinə keçdik”.

Bu işə Şamaxı Rayon Məhkəməsində baxılıb. Məhkəmə araşdırması zamanı məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Qadın da ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az