Bakıda qardaş və bacı arasında yaranan mübahisənin hər iki tərəfin bir-birini bıçaqlaması ilə nəticələnməsi ailədaxili münasibətlərdə aqressiyanın təhlükəli həddə çatdığını bir daha gündəmə gətirib. Ailə daxilində başlayan adi mübahisələrin fiziki zorakılığa, hətta ağır xəsarətlərlə nəticələnən hadisələrə çevrilməsi cəmiyyətdə ciddi narahatlıq doğurur.
Bəs ailə daxilində mübahisələrin bu qədər tez zorakılığa çevrilməsinin əsas sosial və psixoloji səbəbləri nələrdir? Belə hadisələrin artması cəmiyyətdə aqressiya və dözümsüzlüyün güclənməsindən xəbər verirmi?
Sosioloq Naib Niftəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, bir faktı ailədaxili münasibətlərin və bütövlükdə cəmiyyətdəki vəziyyətin göstəricisi kimi qiymətləndirmək olmaz.

Onun sözlərinə görə, Azərbaycanda ailə münasibətlərində, istər valideyn-övlad, istərsə də qardaş-bacı və qardaş-qardaş münasibətlərində qarşılıqlı hörmət, ümumilikdə, kifayət qədər normaldır.
"Hər bir ailədə müəyyən söz-söhbətlər, fikir ayrılıqları və ixtilaflar ola bilər. Amma bütün bunlar, adətən, tənzimlənən və keçici hadisələrdir. Bununla belə, ciddi bir faktdır ki, müəyyən cinayətlər ailədaxili fikir ayrılıqları və yaxın qohumlar arasında yaranan ziddiyyətlər səbəbindən baş verir. Belə hadisələr cəmiyyət üçün arzuolunan deyil və ictimai təhlükəli hadisə kimi kəskin qınanmalıdır. Tərəflərin hər ikisi üçün də utancverici hadisədir. Bacının qardaşa, qardaşın bacıya əl qaldırması, tərəflərin soyuq silahdan istifadə etməsi təkcə cinayət faktı deyil. Həm də milli-mənəvi və etik dəyərlərin müəyyən mənada arxa plana keçməsinin, ailədə hörmətin, qarşılıqlı etimadın və müəyyən sərhədlərin aradan qalxmasının göstəricisidir. Bu, sırf sosial-psixoloji və sosial-etik məsələ kimi başa düşülməlidir. Lakin bunu bütövlükdə cəmiyyətə şamil etmək olmaz. Bu, cəmiyyət üçün narahatlıq yaradan və ictimai qınaq doğuran cinayət faktıdır və hüquqi qiymətini almalıdır. Eyni zamanda, ailə daxilində baş verən adi bir mübahisə kimi də qiymətləndirilə bilməz. Normal vəziyyətdə hər hansı bir Azərbaycan ailəsində belə faktların rəğbətlə qarşılanacağını və ya buna haqq qazandırılacağını düşünmürəm. Tərəflərin hər ikisinin müəyyən fiziki, psixoloji və ya psixiatrik problemlərinin olması mümkündür. Bununla yanaşı, belə davranışın arxasında müxtəlif sosial, psixoloji və situativ səbəblər də dayana bilər. Sosial və psixoloji səbəblərə gəldikdə, sosial səbəblər daha çox cəmiyyətin davranışı, münasibəti və qarşılıqlı sosial təsirlə şərtlənir. Psixoloji amillər də sosial dinamikanın təsiri fonunda formalaşır və təbii ki, daxili səbəblərlə birbaşa bağlıdır. Amma hər bir halda, bu fakt bütövlükdə cəmiyyətin sosial-psixoloji vəziyyətini əks etdirən məsələ deyil. Dözümsüzlük və aqressiyanın sosial streslərlə, sosial təsirlərlə müəyyən əlaqəsi ola bilər. Amma insan kənar təsirlərin nəticəsində belə davranışa yol verməməli və məsuliyyətini dərk etməlidir. Hər kəs bu tip hərəkətlərin əsassız, yersiz və cinayət olduğunu başa düşür".
Sosioloq əlavə edib ki, söhbət sırf ailə-məişət müstəvisində baş verən cinayətdən gedə bilər.
"Ola bilsin ki, tərəflər arasında uzun müddətdir barışmazlıq və konflikt olub. Yaxud insanlar başqa problemlər səbəbindən yaxınlarına və doğmalarına qarşı mərhəmət və empatiya hissini müəyyən mənada itiriblər. Bəzən ailədə böyük-kiçik, bacı-qardaş münasibətlərində qeyri-etik davranış normalarına meyillənmə və ya normaldan kənarlaşma nəticəsində tərəflər arasında hörmət itir. Bu da əlbəyaxa dava və fiziki zorakılığa, bəzən isə bıçaqlanma və daha böyük faciələrə gətirib çıxarır. Hətta tərəflər bir-birini həyatdan məhrum edə bilərlər. Düşünmürəm ki, insanlar bunu əvvəlcədən istəyirlər. Amma burada psixoloji travma, müəyyən gərginlik, tərəflər arasında qarşılıqlı etimadsızlıq və münasibətlərin nifrət həddinə çatması da mümkündür. Əks halda, belə davranışı başqa meyarla izah etmək çətindir. İstənilən halda, aqressiya və dözümsüzlükdə cəmiyyətdə yığılan neqativin müəyyən payı var. Ola bilsin ki, tərəflər arasında müəyyən konflikt olub, ailədə, cəmiyyətdə və ya yaxın çevrədə buna əhəmiyyət verilməyib, problemi tənzimləmək üçün vasitəçi tapılmayıb və ya tərəflər özləri bunu tənzimləmək istəməyiblər. Həmçinin hansısa təsirə qapılaraq, kiminsə təhriki ilə öz doğmalarına bacısına və ya qardaşına qarşı aqressiya formalaşması da mümkündür. Bu da istisna deyil. Amma sosial araşdırma baxımından problemin sosial səbəblərinin və kökünün müəyyənləşdirilməsi, eləcə də psixoloji motivlərin və şəxslərin psixoloji sağlamlıq vəziyyətinin araşdırılması olduqca vacibdir. Hər bir halda, bu, cəmiyyət üçün arzuolunmaz, qəbul edilməz davranış forması və xoşagəlməz nümunədir. Eyni zamanda, cinayət faktıdır. Bu, deviant davranışın ifrat həddə çataraq cinayət səviyyəsinə yüksəlməsinin nümunəsidir. Təbii olaraq, münasibətlərin tənzimlənməsində profilaktik və önləyici tədbirlərə, həm hüquqi-sosial, həm də mənəvi-psixoloji yanaşmalara ehtiyac var. Qanun burada öz sözünü deməlidir. İnsanlar da belə məsələlərdən düzgün nəticə çıxarmalı, sosial məsuliyyəti, qarşılıqlı hörməti və münasibətlərdə anlaşmanı önə çəkməlidirlər. Ailədaxili münasibətlərdə qarşılıqlı güzəşt və anlaşma əsas prinsiplərdən biri olmalıdır", - deyə Naib Niftəliyev fikrini tamamlayıb.


