Maliyyə Özəl

Debet kartlara tələbat artır, kredit kartlarının sayı azalır — Səbəb nədir?

Debet kartlara tələbat artır, kredit kartlarının sayı azalır — Səbəb nədir?

Azərbaycanda bank kartlarından istifadənin genişlənməsi və nağdsız ödənişlərin artması maliyyə davranışlarında dəyişikliklərin davam etdiyini göstərir. İyul ayında dövriyyədə olan bank kartlarının sayı 22,7 milyon ədədə çatıb. Debet kartlarının sayı 10,5 faiz artdığı halda, kredit kartlarında 4,6 faiz azalma qeydə alınıb. Eyni zamanda, nağdsız ödənişlərin həcmi 11 faiz artaraq 9,7 milyard manata yüksəlib.

Nağdsız ödənişlərin və debet kartlarının artması, kredit kartlarının isə azalması hansı amillərlə bağlıdır və bu tendensiya davam edəcəkmi?

Maliyyə bazarları üzrə ekspert Emin Kərimov Demokrat.az-a açıqlamasında söyləyib ki, nağdsız dövriyyənin artması çox müsbət məqamdır.

Debet kartlara tələbat artır, kredit kartlarının sayı azalır — Səbəb nədir?

"Həm qlobal, həm də ölkə miqyasında rəqəmsal ödənişlərin və elektron dövriyyənin artması dövlət tərəfindən təşviq olunur və diqqətdə saxlanılır. Eyni zamanda banklar və digər elektron pul təşkilatları da bu dövriyyənin inkişaf etdirilməsi istiqamətində işlər aparırlar. Elektron alətlərin dövriyyəyə daxil olması və əməliyyatların bu vasitələrlə həyata keçirilməsi həm günün tələbidir, həm də müasir maliyyə siyasətinin bir hissəsidir. Plastik kartlara gəldikdə isə debet kartların inkişafının bir neçə səbəbi var. İlk növbədə, onların əlçatan olması mühüm amildir. Eyni zamanda satış kanallarının genişlənməsi, o cümlədən iri marketlərdə belə debet kartların əldə edilməsinin mümkün olması onların istifadəsini artırır. Bundan başqa, 15-18 yaş aralığında olan şəxslərin də valideynlərinin razılığı əsasında plastik kart əldə etmək hüququnun olması bu sahədə tələbi genişləndirir. Həmçinin bir debet karta əlavə kart əldə etmək imkanının mövcudluğu da onların daha geniş istifadəsinə şərait yaradır. Kredit kartlarına gəldikdə isə Mərkəzi Bankın kredit kartlarının limitləri ilə bağlı tətbiq etdiyi məhdudlaşdırıcı qaydalar kredit məbləğlərinin azalmasına və nəticə etibarilə bu kartlara marağın nisbətən aşağı düşməsinə səbəb olub. Bu fonda istehlak kreditlərinə marağın müəyyən qədər artdığı müşahidə edilir. Debet kartların dövriyyədə daha çox olması eyni zamanda iqtisadi aktivliyin göstəricisidir. İnsanların öz aralarındakı ödənişləri və köçürmələri plastik kartlar vasitəsilə həyata keçirməsi bank sisteminə və bu sahədə fəaliyyət göstərən ödəniş infrastrukturlarına etimadın artdığını göstərir. Artıq insanlar nağd puldan daha çox elektron və qeyri-nağd ödənişlərə üstünlük verirlər", - deyə maliyyəçi məsələyə aydınlıq gətirib.

Ekspert nağdsız ödənişlərin həcminin artmasının əsas səbəblərindən birinin insanların bankomat qarşısında növbə gözləmədən və vaxt itirmədən əməliyyatlarını həyata keçirə bilməsi olduğunu da vurğulayıb.

"Ticarət və xidmət şəbəkələrində POS-terminalların geniş tətbiqi, mobil POS və QR ödənişlərinin dövriyyəyə daxil olması elektron ödənişlərin artmasına müsbət şərait yaradır. Bu da öz növbəsində plastik kartlara tələbi artırır və nəticədə həm kartların sayı, həm də onlar vasitəsilə həyata keçirilən əməliyyatların həcmi gündən-günə yüksəlir. Xüsusilə ictimai nəqliyyatın da bu sistemə keçməsi plastik kartlardan istifadə edən insanların dairəsini daha da genişləndirib. Əvvəllər əsasən gənclər və orta nəslin nümayəndələri plastik kartlardan istifadə edirdisə, hazırda demək olar ki, bütün yaş qruplarının nümayəndələri bu vasitə ilə ödənişlərini həyata keçirirlər. Bütün bunlar plastik kartlara tələbin və onların dövriyyəsinin artmasına gətirib çıxarır. Eyni zamanda kredit kartlarından daha çox debet kartlara üstünlük verilməsi müəyyən dərəcədə iqtisadi dövriyyənin kredit vəsaitlərindən asılılığının azaldığını da göstərir. Ümumiləşdirsək, plastik kartların, xüsusilə debet kartların əlçatanlığı, praktikliyi və rahatlığı onların geniş yayılmasına şərait yaradır. Lakin növbəti illərdə plastik kartlardan müəyyən qədər imtina edilməsi də mümkündür. Çünki daha mütərəqqi və rahat elektron həllər artıq dövriyyəyə daxil olur. Sima ilə, ovuc izi ilə, QR kod vasitəsilə və mobil telefonlarla ödənişlər bunun nümunəsidir. Yeni texnologiyaların geniş tətbiqi qarşıdakı illərdə ödənişlərin həcminin daha da artmasına və eyni zamanda şəffaflığın təmin olunmasına müsbət təsir göstərəcək", - deyə Emin Kərimov sözlərini bitirib.

Fidan Hacızadə

D
demokrat.az