Xarici siyasət Özəl

Tramp Xark adasının məhv edilməsi animasiyası ilə İrana hansı mesaji verdi? — Açıqlama

Tramp Xark adasının məhv edilməsi animasiyası ilə İrana hansı mesaji verdi? — Açıqlama

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında İranın Xark adasına zərbələr endirilməsini əks etdirən süni intellektlə hazırlanmış videolar paylaşıb. Tramp paylaşımına “Xark adasını parça-parça edirlər!!!” sözlərini yazıb. Görüntülərdə sahildəki tikililərə raket zərbələrinin endirilməsi, daha sonra isə onların yanaraq partlaması əks olunur. ABŞ Prezidenti videoları hansı məqsədlə paylaşdığını açıqlamayıb.

Trampın süni intellektlə hazırlanmış video paylaşması ABŞ-İran gərginliyinə necə təsir göstərə bilər və bu, informasiya müharibəsinin yeni mərhələsi kimi qiymətləndirilə bilərmi?

Siyasi şərhçi Çingiz Şahbazi Demokrat.az-a açıqlamasında deyib ki, ABŞ prezidenti Donald Trampın İranın Xark adasının məhv edilməsini göstərən süni intellektlə çəkilmiş videosu, şübhəsiz ki, real hərbi görüntü kimi təqdim edən təəssürat yaradıb:

Tramp Xark adasının məhv edilməsi animasiyası ilə İrana hansı mesaji verdi? — Açıqlama

"Bu görüntülər bir dövlət başçısına yaraşmayan hərəkətlərdir, ABŞ kimi bir dövlətin prezidentinə heç yaraşmır. Paylaşım ABŞ-İran qarşıdurmasında danışıqlar prosesində və ümumiyyətlə, bu istiqamətdə sərhədi bulanıqlaşdırır. İranın Xark adası adi ada deyil və müharibədən əvvəl İranın neft ixracının 90 faizi məhz bu adadakı terminal vasitəsilə həyata keçirilib. Xark adasına real zərbə İran iqtisadiyyatına və dünya neft bazarına çox ciddi təsir göstərə bilər. Trampın bundan əvvəl də Xark adasını vuracaqları ilə bağlı təhdidləri olmuşdur. Hətta Xark adasında 90 hədəfin vurulduğunu bildirmişdir. Lakin neft infrastrukturuna toxunmadıqlarını da bildirmişdir. İndi isə Trampın paylaşdığı videoda neft çənlərinin və tankerlərin partladılması göstərilir. Trampın təqdim etdiyi bu görüntülərdə yer alan obyekt seçimi də təsadüfi deyil və verilən mesaj məhz İranın iqtisadi damarına zərbə ideyasını nümayiş etdirir. Əlbəttə ki, İrana qarşı psixoloji təzyiq aləti kimi də bunu qəbul etmək olar. Həmçinin, “əgər danışıqlar nəticə verməsə, növbəti mərhələ Xark adası ola bilər” mesajı kimi də qiymətləndirmək mümkündür. Yəni potensial əməliyyatın vizual xəbərdarlığı funksiyasını daşıya bilər".

Siyasi şərhçi bildirib ki, Xark adası İranın iqtisadi baxımdan ürəyidir və strateji əhəmiyyətlidir:

"Onun məhv edilməsi Tehranın iqtisadi imkanlarını daha da zəiflədə bilər. Tramp “nəyi itirə biləcəyinizi görürsünüz” mesajı göndərmiş ola bilər və bu baxımdan Trampın bu addımını psixoloji və informasiya müharibəsi kimi də qiymətləndirmək olar. Yəni süni intellektlə çəkilmiş bu kimi videoların mövcud informasiya müharibəsinin yeni texnoloji mərhələsi olaraq istifadə edilməsi daha effektiv sayılır. Çünki uzun hərbi hesabat əvəzinə bir neçə saniyəlik hərbi əməliyyatlar və partlayışların görüntüləri milyonlarla insana daha tez çatır və bu baxımdan daha effektiv hesab olunur. Bütün bunlara rəğmən, ABŞ prezidenti Donald Trampın “Xark adasını parça-parça edirlər” cümləsi işlətməsi doğru deyil. Bu, insanlar arasında həqiqətən də real hücum baş verdiyi təəssüratı yarada bilər. İran tərəfi artıq bu informasiyadan istifadə edir və “ABŞ artıq Xark adasını vurmağa hazırlaşır” kimi bəyanatlar səsləndirirlər. Tehran buna cavab olaraq daha sərt addımlar atmaq üçün Hörmüzdə daha ciddi hərbi tədbirlər planı həyata keçirsə, tərəflərin real hərbi eskalasiyanın psixoloji katalizatoruna çevrilməsi prosesi baş verə bilər. Hazırda gərginlik onsuz da kritik həddədir. Larak adasında İranın raket qurğularına zərbə endirən ABŞ qüvvələri daha sonra İranın regiondakı ABŞ mövqelərinə raket hücumları ilə cavab verildiyinə şahid olublar. Bu hadisələr fonunda Xarkla bağlı paylaşım, əlbəttə ki, münaqişənin həllinə yox, daha da dərinləşməsinə səbəb olur. Bu baxımdan hesab edirəm ki, Trampın paylaşımı İrana qarşı “Xarkı vurmaq imkanımız var”, dünya bazarlarına isə “İranın neft ixracı yenidən risk altındadır” mesajı olaraq qiymətləndirilməlidir. Həmçinin, ABŞ ictimaiyyətinə və müttəfiqlərinə “mən İran üzərində təzyiqi artırmaqdan çəkinmirəm” mesajı olaraq da qeyd etmək olar", - deyə o sözlərini bitirib.

Fidan Hacızadə

D
demokrat.az