Qidalanmanın beyin fəaliyyətinə təsiri əvvəllər düşünüldüyündən daha böyük ola bilər. Alimlər mikroelementlərdən birini araşdıraraq onun yaşlı insanlarda yaddaş, diqqət və ümumi koqnitiv funksiyaların vəziyyəti ilə əlaqəsini öyrəniblər.
Demokrat.az xəbər verir ki, bu barədə Portal.abczdrowie.pl yazır.
Söhbət sinir sisteminin normal fəaliyyəti və demensiyadan qorunmaq üçün vacib olan misdən gedir. Məlumata görə, mis neyrotransmitterlərin sintezində, mielin qişasının formalaşmasında və sinir hüceyrələrinin oksidləşdirici stresdən qorunmasında iştirak edir. Bununla belə, həm mis çatışmazlığı, həm də onun həddindən artıq qəbulu orqanizmin fəaliyyətini poza bilər.
Alimlər yaşı 60-dan yuxarı olan 2420 amerikalının məlumatlarını təhlil ediblər. Tədqiqatın nəticələri 2025-ci ildə "Scientific Reports" jurnalında dərc olunub. Tədqiqatçılar mis istehlakı ilə yaddaş, diqqət və söz seçmə sürətini qiymətləndirən testlərin nəticələrini müqayisə ediblər.
Məlum olub ki, gündə təxminən 1,2-1,6 milliqram mis qəbul edən insanlar bu elementi daha az qəbul edən iştirakçılarla müqayisədə yaddaş və diqqət testlərində daha yaxşı nəticələr göstəriblər.
Ən güclü əlaqə daha əvvəl insult keçirmiş insanlarda müşahidə edilib. Bu qrupda misin daha çox qəbulu koqnitiv funksiyaların daha yaxşı vəziyyəti və demensiyadan daha yüksək qorunma ilə əlaqələndirilib.
Lakin bu, nə qədər çox mis qəbul edilərsə, bir o qədər yaxşı nəticə əldə olunacağı anlamına gəlmir. Məqalədə qeyd olunur ki, gündəlik qəbul təxminən 1,6 milliqramı keçdikdən sonra nəticələrdə əlavə yaxşılaşma müşahidə edilməyib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, bu mikroelement ən çox içalat məhsullarında, xüsusilə qaraciyərdə, həmçinin dəniz məhsullarında, qoz-fındıqda, kakaoda və tünd şokoladda olur.
Tam taxıllı məhsullar, göbələklər, pendir, pomidor, avokado, banan və gavalı da misin yaxşı mənbələri hesab olunur.
Jalə Demokrat.az


