"Hazırkı məqamda Rusiyadan Robert Köçəryan məsələsi ilə bağlı heç kim zəng etməyib və ümid edirəm ki, heç kim də zəng etməyəcək, çünki bunun heç bir mənası olmayacaq"
Demokrat.az-ın məlumatına görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu barədə Rusiyanın "Dojd" telekanalına verdiyi müsahibəsində bildirib.
O əlavə edib ki, Köçəryan və onun siyasi qruplaşması tərəfindən səsləndirilən ritorika, müxtəlif "danışan başlar" vasitəsilə Moskvadan gələn ritorika ilə böyük ölçüdə üst-üstə düşür.
Simonyan, Köçəryan və onun ailəsi ilə bağlı aparılan axtarış və saxlanma tədbirlərini parlamentdə "Ermənistan" blokundan olan deputat Robert Köçəryanın oğlu Levon Köçəryan ilə baş nazir Nikol Paşinyan arasında baş vermiş şifahi mübahisə ilə əlaqələndirmək cəhdlərini gülünc adlandıraraq bu iddiaları rədd edib.
"Bu, mümkün deyil", – deyə bildirən Simonyan həmin hadisələrin siyasi təqib olması barədə fikirləri qəbul etməyib.
"Robert Köçəryan və onun ailəsinin saxlanılması ilə bağlı işlər çoxdan başlanılıb", – deyə Simonyan vurğulayıb.
Xatırladırıq ki, avqustun 24-də parlamentdə Baş nazir Nikol Paşinyan ilə "Ermənistan" blokundan olan deputat, Robert Köçəryanın oğlu Levon Köçəryan arasında şifahi mübahisə baş vermişdi. Parlament kürsüsündən çıxış edən Paşinyan onun bir vaxtlar atası Robert Köçəryanın hakimiyyətdə olduğu dönəmdə administrativ rıçaqlar hesabına qanunsuz olaraq qazanılmış bütün aktivlərini müsadirə edəcəyini vəd edərək, onun həmin aktivləri övladlarına və nəvələrinə ötürə bilməyəcəyini bəyan etmişdi.
Alparslan, Demokrat.az


