İqtisadiyyat Özəl

Bu məhsul ucuzlaşa bilər — Açıqlama

Bu məhsul ucuzlaşa bilər — Açıqlama

Ölkədə şəkər və qənd istehsalı kəskin artaraq daxili bazarda təklif imkanlarını genişləndirib. Dövlət Statistika Komitəsinin hesabatına görə, cari ilin yanvar-iyul aylarında 266,9 min ton hazır məhsul istehsal olunub. Göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30,7 faiz çoxdur. Avqust ayının əvvəlinə istehsalçıların anbarlarında 8,4 min tonluq ehtiyat qalıb.

Mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Samir Heydərov bildirib ki, yanvar-iyul aylarında Azərbaycanda şəkər və qənd istehsalı 266,9 min tona çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,7 faiz çoxdur.

Bu məhsul ucuzlaşa bilər — Açıqlama

Onun sözlərinə görə, anbar ehtiyatlarının həcmi də bazardakı vəziyyətə təsir edən amillərdən biridir:

“Bu artımın əsas iqtisadi təsirlərinə gəldikdə, qiymətlərə müəyyən təsiri ola bilər. Qısamüddətli dövrdə təklif artdığı üçün topdansatış qiymətlərində aşağı yönlü təzyiq yarana bilər.

Pərakəndə bazarda isə qiymət enişi məhdud ola bilər, çünki şəkərin qiymətinə xammal, enerji, logistika və vergi xərcləri də təsir edir.

Yerli istehsal artdıqca hazır şəkər idxalına ehtiyac azalır və valyutanın ölkədə qalmasına şərait yarana bilər.

Lakin Azərbaycan hələ də əsasən xam şəkər (qamış şəkəri) idxal edib onu emal edir. Braziliya, Hindistan və digər ölkələrdə şəkər qamışı yetişdirilir. Orada şəkər qamışından xam şəkər hazırlanır. Azərbaycan həmin xam şəkəri idxal edir və İmişli Şəkər Zavodunda emal edərək ağ şəkər və qənd istehsal edir. Buna görə də tam idxaldan asılılığın aradan qalxması baş vermir, sadəcə hazır məhsul üzrə asılılıq azalır.

Ümumi nəticə ondan ibarətdir ki, 31 faizlik istehsal artımı ərzaq təhlükəsizliyini gücləndirir, bazarda təklifi artırır və orta müddətdə qiymət sabitliyinə müsbət təsir edə bilər. Lakin dünya şəkər qiymətləri yüksələrsə, daxili qiymətlər yenə də bundan təsirlənə bilər”, - deyə iqtisadçı fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az