Sağlamlıq Özəl

Ağızda yara 2 həftədən çox qalırsa, səbəbi bu ola bilər — Açıqlama

Ağızda yara 2 həftədən çox qalırsa, səbəbi bu ola bilər — Açıqlama

Ağız boşluğunda yaranan yaralar insanların tez-tez qarşılaşdığı problemlərdən biridir. Bəzən bu yaralar sadə afta, diş və ya sərt qidaların yaratdığı mexaniki zədələnmə nəticəsində ortaya çıxsa da, tez-tez təkrarlanan və uzun müddət sağalmayan yaralar orqanizmdə müəyyən problemlərin göstəricisi ola bilər.

Xüsusilə vitamin və mineral çatışmazlığı, immun sistemində yaranan pozuntular, bəzi infeksiyalar və mədə-bağırsaq xəstəlikləri ağız boşluğunda yaraların yaranmasına səbəb ola bilər. Bu səbəbdən yaranın yalnız müvəqqəti olaraq aradan qaldırılması deyil, onun hansı səbəbdən meydana gəldiyinin müəyyənləşdirilməsi də vacibdir.

Digər tərəfdən, ağız yaraları zamanı insanların həkim məsləhəti olmadan müxtəlif dərmanlardan, məlhəmlərdən və qarqara vasitələrindən istifadə etməsi də geniş yayılıb. Uzun müddət sağalmayan və təkrarlanan yaraların isə hansı hallarda ciddi problemdən xəbər verə biləcəyi maraq doğurur.

Bəs ağız boşluğunda tez-tez yaranan yaraların əsas səbəbləri nələrdir? Hansı hallarda bu yaralar sadə afta və ya mexaniki zədələnmə ilə bağlı olur, nə zaman isə daha ciddi sağlamlıq probleminə işarə edə bilər? Ağız yaraları nə qədər müddət ərzində sağalmadıqda həkimə müraciət etmək lazımdır?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən Tibb üzrə fəlsəfə doktoru, stomatoloq, ağız və üz-çənə cərrahı bildirib ki, ağız boşluğunda yaranan yaraların səbəbləri çox müxtəlif ola bilər.

Onun sözlərinə görə, ən çox rast gəlinən səbəblər sadə aftalar və mexaniki travmalardır:

“Məsələn, yanağın və yaxud dilin dişlənməsi, iti diş kənarlarının dili kəsməsi buna səbəb ola bilər. Düzgün oturmayan dişlər, kronlar, məsələn, zirkonium qapaqlar, metalkeramika qapaqlar, breketlər və digər ortodontik cihazlar da dili kəsə və selikli qişanı qıcıqlandıra bilər. Nəticədə ağız boşluğunda yara əmələ gələ bilər.

Bundan əlavə, ağız boşluğunda səpkilik şəklində yaranan yaralara stress, yuxusuzluq, bəzi qidalar və hormonal status da səbəb ola bilər. Bunlar aftların yaranmasına gətirib çıxara bilər. Sadə aftalar adətən dairəvi və ya oval formada olur, ortası ağ və ya sarımtıl rəngdə görünür. Bu xüsusiyyətlər digər səbəblərdən yaranan ağız yaralarından diferensial diaqnostika zamanı fərqləndirməyə kömək edir.

Bu yaralar əksər hallarda 7–14 gün ərzində sağalır.

Eyni zamanda travmalar, yəni dişin iti kənarı və yaxud breketin iti tərəfi nəticəsində yaranırsa, həmin səbəb aradan qaldırıldıqdan sonra yara adətən sağalır.

Ümumiyyətlə, ağızda yaralar tez-tez təkrarlanır və çoxsaylı yaralar əmələ gəlirsə, bu, vitamin və mineral çatışmazlığı nəticəsində yarana bilər. Dəmir, B12 vitamini, fol turşusu və sink çatışmazlığında bu problemlərə tez-tez rast gəlinə bilər.

Amma burada əsas məqam ondan ibarətdir ki, hər aftanı vitamin çatışmazlığı ilə əlaqələndirmək olmaz. Yəni hər afta yaranan kimi vitamin qəbul etmək də düzgün deyil. Vitamin qəbul edilməsinə baxmayaraq, yaralar yenidən əmələ gəlirsə, artıq ya dermatoloqa, ya da stomatoloqa müraciət edib lazımi laborator müayinələrdən keçmək lazımdır.

Bizə məlumdur ki, bağırsaq və ümumi həzm sistemində yaranan problemlər də ağız boşluğunda və yaxud dodaqda yaralarla müşahidə oluna bilər. Bu da o deməkdir ki, problem artıq sistemik xəstəliklə əlaqəli ola bilər. Belə yaralar əmələ gələrsə, həzm sistemi ilə bağlı müayinələrin aparılması tövsiyə olunur.

Bu yaralar zamanı tez-tez ishal, halsızlıq və çəki itkisi varsa, bu, artıq yalnız stomatoloji problem deyil. Bu, ümumi sağlamlıq vəziyyəti ilə əlaqəli ola bilər. Mütləq yalnız stomatoloqla deyil, digər sahə həkimləri ilə də məsləhətləşmək lazımdır.

İmmun sisteminin pozğunluqları zamanı da ağız boşluğunda və dodaqda təkrarlanan, sağalması uzun müddət çəkən yaralar müşahidə oluna bilər. Məsələn, Behçet xəstəliyi və müxtəlif sistem xəstəlikləri ağız boşluğunda yaranan yaralarla yanaşı gedə bilər. Bəzi virus və göbələk infeksiyaları da ağız boşluğunda, diş ətində və selikli qişada dəyişikliklərə səbəb ola bilər”.

Hüseyn Hüseynzadə əlavə edib ki, aftalar 1–2 həftə ərzində sağalmalıdır. Əgər 2 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır:

“Çünki bəzi insanlarda ağız yaraları uzun müddət davam edir, lakin onlar özbaşına müalicə etməyə çalışırlar. Bu da daha böyük fəsadların yaranmasına səbəb ola bilər. Məsələn, yaranın üzərinə spirt, yod, hidrogen peroksid, aspirin və digər qıcıqlandırıcı maddələr çəkmək düzgün yanaşma deyil. Bu, yaranın daha da dərinləşməsinə və daha ciddi problemlərin yaranmasına səbəb ola bilər.

Bəs yara varsa, nə etmək lazımdır? Əgər yara travma nəticəsində yaranıbsa, az əvvəl qeyd etdiyim kimi, ilk növbədə travma mənbəyini aradan qaldırmaq lazımdır. Həmin nahiyəni qorumaq üçün xüsusi ortodontik mumlardan istifadə etmək olar.

Çox isti, duzlu və qıcıqlandırıcı qidalardan, həmçinin qazlı və enerji içkilərindən istifadə etmək olmaz.

Ağız boşluğunda yaranan hər bir yara ciddi xəstəlik demək deyil. Amma vaxtında düzgün müayinə və müalicə aparılmasa, ağırlaşmalara səbəb ola bilər. Ağızda, selikli qişada və ya dildə uzun müddət sağalmayan yaralar bəzi hallarda daha ciddi xəstəliklərin, hətta bədxassəli şişlərin əlaməti ola bilər.

Ona görə də ağız boşluğunda yaranan yaralar 2 həftədən artıq davam edirsə, mütləq həkimə müraciət etmək lazımdır”, deyə həkim fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az