Ceffri Epşteynin elektron poçt hesabına daxil olaraq minlərlə yazışmanı ələ keçirdiyi bildirilən haker illər sonra danışıb. “Kyrie” təxəllüsündən istifadə edən haker bu addımın ona və ailəsinə ciddi təsir etdiyini deyib.
Demokrat.az xarici mətbuata istinadən xəbər verir ki, “Kyrie” Nyu-Yorkda keçirilən “HOPE” haker konfransında şəxsən iştirak etməyib. O, konfrans iştirakçılarına fikirlərini şifrələnmiş mesajlar vasitəsilə çatdırıb. Mesajları tədbirin moderatoru səsləndirib.
Məlumata görə, “Kyrie” ötən il Epşteynin “Yahoo” elektron poçt hesabına giriş əldə edib. O, 2002-2019-cu illər arasında göndərilən və qəbul edilən 20 min 900 elektron məktub və faylı əldə edərək onların bir hissəsini “DDoSecrets” platformasına təqdim edib.
Haker bildirib ki, elektron məktubları araşdırarkən Epşteynlə əlaqəsi daha əvvəl ictimaiyyətə məlum olmayan şəxslərin adlarına da rast gəlib.
Onun sözlərinə görə, hesabı araşdırdığı vaxt Epşteynin ölümündən sonra da aktiv girişlərin olduğunu görüb. Bu məlumatların daha sonra başqa mənbədən əldə edilən yazışmalarla da təsdiqləndiyi bildirilib.
“Kyrie” yazışmaları sızdırdıqdan sonra mümkün təqiblərdən ehtiyat edərək gizlənməyə başladığını bildirib. Onun sözlərinə görə, bu qərar ailəsinin həyatına da ciddi təsir edib və uzun müddət narahatlıq içində yaşamasına səbəb olub.
Konfrans zamanı hakerə eyni imkanı yenidən əldə etsəydi, Epşteynin yazışmalarını bir daha sızdırıb-sızdırmayacağı soruşulub.
“Kyrie” bu dəfə eyni addımı atmayacağını deyib. O, həmin vaxt qərarını doğru hesab etdiyini, lakin sonradan yaşadığı qorxu və maddi itkilərin bunun ağır nəticələrə səbəb olduğunu bildirib.
Bununla yanaşı, haker məlumatların Epşteynin qurbanları və onların ailələri üçün bəzi faktların üzə çıxmasına kömək etdiyini düşündüyünü vurğulayıb.
“Kyrie”nin əsl kimliyi isə açıqlanmayıb. Onun bundan sonra yenidən ictimaiyyət qarşısına çıxıb-çıxmayacağı da məlum deyil.
Jalə Demokrat.az


