Sağlamlıq Özəl

Tovuzda baş verən faciəvi hadisənin səbəbi üzə çıxdı — Açıqlama

Tovuzda baş verən faciəvi hadisənin səbəbi üzə çıxdı — Açıqlama

Bəzi hallarda qadınlar müxtəlif səbəblərdən həkim nəzarəti altında aborta müraciət edirlər. Lakin bu prosedur da müəyyən tibbi risklər daşıya və nadir hallarda ciddi fəsadlara səbəb ola bilər. Buna görə prosesin mütəxəssis nəzarəti ilə aparılması və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi vacib hesab olunur.

Abort zamanı hansı tibbi risklər və fəsadlar yarana bilər və bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Ginekoloq Elnurə Salmanova Demokrat.az-a bu barədə açıqlamasında deyib ki, abortların istənilmə səbəbləri çox fərqlidir:

“Hər kəs bir səbəbdən aborta müraciət edir. Bəzən bu səbəblər çox üzücü olur. Bəzən isə heç bir tibbi göstəriş olmadan qadın öz istəyinə görə uşağı dünyaya gətirmək istəmir. Əslində, qadın hamiləlikdən qorunmalıdır ki, arzuolunmaz hamiləlik baş verməsin və aborta müraciət etməsin. Amma bəzən məsuliyyətsizlikdən, qorunmadığı üçün hamilə qalır və uşağı dünyaya gətirmək istəmir. Bu, təsadüfi şəkildə baş verən hamiləlik də ola bilər.

Belə hallarda biz 12-ci həftəyə qədər tibbi abort həyata keçiririk. 12 həftədən sonra isə tibbi abort etmirik”.

Onun sözlərinə görə, tibbi abortun da müəyyən qədər fəsadları var:

“Məsələn, yetişməmiş uşaqlıq boynunu açaraq uşaqlıq boşluğuna daxil olmaq və oradan döl materialını, həmçinin uşaqlıqda qalan digər materialları götürmək lazım gəlir. Bu zaman bəzən uşaqlıq boynunda cırılmalar əmələ gələ bilər. Bundan əlavə, həkim uşaqlığa müdaxilə edərkən uşaqlığın özündə də zədələnmə və cırılma baş verə bilər. Yəni müəyyən fəsadlar mövcuddur. Ona görə də abort çox sadə bir əməliyyat deyil. Hamı bunu sadə bir prosedur kimi dəyərləndirir, amma əslində o qədər də sadə deyil. Həm həkimdən yüksək səriştə tələb edir, həm də pasiyentin məsuliyyətli yanaşması vacibdir”.

Qeyd edək ki, Tovuz rayon sakini Lalə Quliyevanın 5 aylıq hamiləliyi zamanı bətnindəki dölün qüsurlu olduğu müəyyən edilib. Bundan sonra qadın abort etdirmək qərarına gəlib. Məlumata görə, abortdan sonra qadında güclü qanaxma baş verib və o, həyatını itirib.

Fidan Hacızadə

D
demokrat.az