Bakının Qaradağ rayonunda 20 yaşlı oğlan sevgi münasibətində olduğu qıza intim hərəkətlər etməkdə ittiham edilib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Sabirabad rayon sakini, 2006-cı il təvəllüdlü Tahir 2024-cü ilin sentyabr ayında yetkinlik yaşına çatmayan Samirə (adlar şərtidir – red.) ilə tanış olub.
Aralarında olan sevgi münasibətlərindən istifadə edərək, cinsi ehtirasını təmin etmək məqsədilə həmin ilin sentyabr ayının sonlarında, dəqiq günü istintaqa məlum olmayan tarixdə Samirənin yaşadığı evin yataq otağındakı çarpayıda onunla əlaqədə olub.
Tahirin barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Tahir ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Samirəni “Qobu Park” Yaşayış Kompleksindən tanıyır:
“2024-cü ilin sentyabr ayının əvvəllərində Samirə ilə “İnstagram” sosial şəbəkəsində danışmağa başladım və aramızda sevgi münasibəti yarandı”.
Təqsirləndirilən şəxs deyib ki, 2024-cü ilin sentyabr ayının sonlarında Samirə özü onu yaşadığı evə dəvət edib:
“Samirənin təklifi ilə razılaşdım və onun yaşadığı evə getdim. Samirə ilə onun yaşadığı evin qonaq otağında bir qədər söhbət etdik. Sonra Samirənin razılığı ilə evin yataq otağında cinsi əlaqədə olduq. Daha sonra Samirə ilə sağollaşaraq getdim”.
Tahirin ifadəsinə görə, 2024-cü ilin oktyabr ayında fəhlə kimi işləmək üçün Qarabağ bölgəsinə gedib:
“Orada olarkən atam zəng edərək barəmdə şikayət edildiyini bildirdi. Mən əlaqədə olmaq üçün Samirəyə hədə-qorxu gəlməmişəm”.
Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını bildirib. O, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
İş üzrə zərərçəkmiş Samirənin sözlərinə görə, 2024-cü ilin sentyabr ayında anası ilə birlikdə mağazada olarkən Tahir onları görüb:
“Həmin gün axşam saatlarında Tahir mənə “İnstagram” sosial şəbəkəsindən yazdı və mənim Rəvan adlı şəxslə cinsi münasibətdə olduğumu bildiyini dedi, onunla da cinsi əlaqədə olmağımı təklif etdi. Bunu etməyəcəyim halda Rəvanla aramda baş verənlər barədə anama məlumat verəcəyini bildirdi. Mən də bu məlumatın yayılmasından qorxduğum üçün 2024-cü ilin sentyabr ayının sonunda, tarixini xatırlamadığım gündə, günorta saatlarında Tahiri yaşadığım evə dəvət etdim. Tahirlə evdə bir qədər söhbət etdik və sonradan biz evin yataq otağına keçdik, orada əlaqədə olduq. Daha sonra Tahir mənimlə sağollaşdı və evdən getdi”.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Tahir 2 il 7 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib və o, məhkəmə iclas zalından dərhal həbsə alınıb.
Cəzasının əvvəlinin həbsə alındığı gündən, yəni 10 fevral 2026-cı il tarixindən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


