Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycandan 531,3 ton çay ixrac edilib və ixracdan 4,7 milyon ABŞ dollarına yaxın gəlir əldə olunub. Eyni dövrdə ölkəyə 8 124,6 ton çay idxal edilib. Beləliklə, hesabat dövründə çay idxalının həcmi ixracı dəfələrlə üstələyib.
Bu göstəricilər Azərbaycanda çayçılığın mövcud vəziyyəti, yerli istehsalın daxili tələbatı nə dərəcədə qarşılaya bilməsi və ölkənin çay idxalından asılılığı ilə bağlı suallar yaradır.
Xüsusilə çay istehsalının azalması fonunda idxalın yüksək səviyyədə qalması yerli istehsalın inkişafına mane olan amillərin, fermerlərin qarşılaşdığı problemlərin və çayçılığın iqtisadi potensialından nə dərəcədə istifadə edildiyinin araşdırılmasını aktuallaşdırır.
Digər tərəfdən, Azərbaycanda çayçılığın inkişaf etdirilməsi həm daxili bazarın yerli məhsulla təmin olunması, həm də ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli ola bilər.
Bunun üçün çay plantasiyalarının genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın artırılması, müasir istehsal və emal texnologiyalarından istifadə, fermerlərin maliyyə imkanlarının yaxşılaşdırılması və yerli məhsulun xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması kimi məsələlər də diqqət mərkəzindədir.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, bir sıra ərzaq məhsulları üzrə həm idxal, həm də ixrac həyata keçiririk.

“Amma çay məhsulu üzrə ixraca baxsaq, istifadə olunan xammalın bir hissəsi, hətta bəzi hallarda əhəmiyyətli hissəsi idxal olunur.
Yəni nəzərə alsaq ki, Azərbaycanın ixrac etdiyi və ya qablaşdırdığı çayın xammalı idxal olunur, bu da idxal və ixrac göstəricilərində öz əksini tapır. Eyni zamanda, yerli çay məhsulları ilə yanaşı, xaricdən də gətirilən və satışa çıxarılan çay məhsulları var.
Amma alıcıların alış-veriş zamanı gördükləri çay markalarının çoxu və ya bir hissəsi Azərbaycan istehsalı olan çaylardır. Həmin çayların xammalı əsasən xaricdən idxal olunduğuna görə, onların əslində yerli istehsal olmasına baxmayaraq, tərkibində xarici məhsulların xüsusi payı var. Xammal formasında da ölkəyə idxal edilən çayın həcmi kifayət qədər böyükdür.
Bütün bunlar idxal və ixrac arasında fərq yaradır. Gələcəkdə əsas prioritet yerli istehsalın genişləndirilməsidir. Bunun üçün çay istehsalı üçün nəzərdə tutulan torpaq sahələrinin genişləndirilməsi vacib məqamlardan biridir.
Baxmayaraq ki, çay istehsalı ilə bağlı subsidiyalarda xüsusi yanaşma var və daha çox subsidiya ödənilir, ölkə daxilində tələb yüksəkdir və ixrac da var. Ona görə də bütün hallarda, xüsusən xammal olaraq, idxala ehtiyac duyulur. Bu da idxalın daha böyük olmasına gətirib çıxarır”, – deyə Vüqar Bayramov fikrini tamamlayıb.


