Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri İstanbulda görüşəcəklər.
Demokrat.az xəbər verir ki, bu haqda "Türkiye" qəzeti məlumat yayıb.
Məlumata görə, avqust ayında İstanbulda Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Qeyd olunur ki, danışıqlar zamanı tərəflər Yaxın Şərqdəki vəziyyəti, təhlükəsizlik və sabitlik məsələlərini, münaqişələrin qarşısının alınmasını və münaqişələrin həlli üzrə diplomatik mexanizmlərin gücləndirilməsi yollarını müzakirə edəcəklər.
Məlumatda həmçinin bildirilir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, pakistanlı həmkarı Məhəmməd İshaq Darı bu ay İstanbulda keçiriləcək və Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin iştirakı ilə baş tutacaq xarici işlər nazirlərinin regional görüşünə dəvət edib.
Məsələni diqqətdə saxlayan qərbin aparıcı beyin mərkəzləri artıq Misirin "Məkkə paktına" qoşulacağına heç bir maneə görmürlər. Analizlərə görə, ideya müəllifinin Türkiyə prezidenti olduğu "Məkkə paktı" bölgə ölkələrinin bir çoxunun ora qoşulması ilə nəticələnəcək və yaxın 5 ildə müsəlman Şərqində güclü blok yaranacaq.
Müstəqil ekspertlərin fikrincə, "Məkkə paktı" əsasən Türkiyə və Pakistan üzərində dayanacaq və gələcəkdə bir-biri ilə az qala düşmən olan ərəb dövlətlərinin də birləşməsi üçün ideal platformaya çevriləcək.
"Məkkə paktı" hazırda bütün ərəblər üçün son Ərəb-İsrail müharibəsindən bu yana, onların zədələnmiş imiclərinin bərpas üçün ideal birlik hökmündədir. Regionda baş verən və əsasən də müsəlman ölkələrinin ciddi ziyanlar gördüyü proseslərə Türkiyənin təkbaşına reaksiyası, ciddi duruşu və qətiyyətli mövqeyi, ərəbləri də ruhlandırdı. ABŞ-ın büdcəsinə hər il yüz milyonlarla dollar xeyir verən ərəb şeyxləri artıq anladılar ki, Vaşinqton heç vaxt İsraili onlara qurban verməyəcək, tam tərsinə, əgər Ərəb-İsrail müharibəsi yenidən başlasa, Amerika Tel-Avivin yanında yer alacaq.
Hazırda Türkiyənin "Müsəlman, türk birliyi" konsepsiyası bütün dünyada "qloballaşma" adı altında gedən əslində bir neçə transmilli korporasiyanın "qlobal kapitalizm" - dünya iqtisadiyyatı üzərində total nəzarət sisteminin qurulması prosesidir. Bura ən strateji nəqliyyat marşrutları, əsas beynəlxalq loqistika üzərində nəzarət də daxildir. Bu cəhətdən Türk Dövlətləri Birliyinin və digər müsəlman dövlətlərini də birləşdirəcək "Məkkə paktının" yeni qlobal güc mərkəzi kimi ortaya çıxması baxımından çox ciddi önəmi var.
Hazırda regionda ümumi problemin mövcudluğu isə "Məkkə paktının" böyük perspektivlərindən xəbər verir. İsrailin bölgədəki siyasəti Yaxın Şərq ölkələrini öz təhlükəsizliklərini təmin etmək istiqamətində axtarışlara məcbur edir. Bir tərəfdən İsrail, digər tərəfdən isə İran və ona bağlı qruplar ərəb ölkələrinin təhlükəsizliyi üçün ciddi təhdiddirlər. Səudiyyə Ərəbistanı ABŞ-ın sözdə bütün vədlərinə baxmayaraq Yəmən istiqamətindən çox ciddi təhdid altındadır. Ölkənin iri neft obyektləri dəfələrlə İran istehsalı dronların hücumuna məruz qalıb. Ölkənin iç bölgələri, hətta paytaxt Ər-Riyad belə husilərin raket və dronlarının mənzilinə daxildir. Bu səbəbdən iqtisadi cəhətdən çox zəngin olan bu krallıq özünün təhlükəsizlik məsələsini prioritet sayaraq bu bloka qoşuldu.
Misirin pakta qoşulmasından sonra, Bəhreyn, Qətər, Küveyt, Oman və Yəmənin şimal hakimiyyətinin da ilkin mərhələdə "Məkkə paktına" qoşulması gözlənilir.
Yaxın Şərq üzrə Qərbin ən aparıcı araşdırmalar mərkəzlərinin gizli hesabatlarında ərəb dövlətlərinin elitalarının da mövqeyinin Türkiyə və Pakistanın, hərbi cəhətdən güclü bu iki müsəlman ölkəsinin öncülüyündə yaradılacaq yeni hərbi blokda təmsil olunmaq məsələsində eyni olduğu öz əksini tapır. Ərəb dövlətləri üçün "Məkkə paktı"na qoşulmaq hər iki təhdiddən (İsrail və İran - red.) qorunmaq üçün ideal addım sayılır. Xatırladırıq ki, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı və Misirin xarici işlər nazirləri daha əvvəl Qahirədə görüşmüşdülər.

