2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda hər 1000 nəfərə 1,9 boşanma düşüb. Ən yüksək göstərici Xocalıda 4,9, Naftalanda 4, Yasamalda isə 3,6 olub. Şərqi Zəngəzur iqtisadi rayonunda boşanma səviyyəsi 2,5 təşkil edib. Ən aşağı göstərici Qobustanda 0,7, Yardımlıda 0,9, Cəlilabad və Qaxda isə 1 olub.
Bəzi rayonlarda boşanma göstəricisinin yüksək, digərlərində isə aşağı olmasının əsas səbəbləri nələrdir?
Sosioloq Mail Yaqub Demokrat.az-a bildirib ki, müxtəlif səbəblər ola bilər.

Onun sözlərinə görə, ən vacib amillərdən biri həmin bölgələrdə yaşayan insanların həyata baxış tərzi və mədəni mühitidir:
“Mədəniyyət deyəndə burada din, adət-ənənə, inanc, ağsaqqal və ağbirçək institutları nəzərdə tutulur. Bunların təsiri ola bilər və mən buna yüksək ehtimal verirəm. Təbii ki, bəzi rayonlarda boşanma göstəricilərinin niyə aşağı, bəzilərində isə yüksək olmasının səbəblərini müəyyənləşdirmək geniş sosioloji tədqiqat tələb edir. Amma ilkin baxışda bunu həmin amillərlə əlaqələndirmək mümkündür”.
Sosioloq əlavə edib ki, ümumilikdə, ailənin qorunub saxlanılmasında insanların mənəvi durumunun müsbət təsiri var:
“Ailə dəyərlərinə inanmaq, onları üstün tutmaq, ailədə ağsaqqalın və ağbirçəyin sözünün keçərli olması ailəni qoruyub saxlayan əsas amillərdəndir. Əgər bəzi bölgələrimizdə boşanmaların sayının az olduğunu müşahidə ediriksə, bunu məhz bu amillərlə əlaqələndirmək olar”.
Beləliklə, bölgələrdə milli-mənəvi dəyərlərin və adətlərin qorunması boşanma göstəricilərinin aşağı qalmasında həlledici rol oynayır.


